Hərəkat üzvündən xəbər yoxdur

Polis

Dekabrın 6-da "Müsəlman Birliyi" Hərəkatının üzvü Tofiq Hüseynovun saxlanıldığı bildirilir.

Həmin təşkilatdan AzadlıqRadiosuna bildirilib ki, T.Hüseynovu Bakıda avtobus dayanacağında mülki geyimli şəxslər saxlayaraq naməlum istiqamətə aparıblar.

T.Hüseynovun atası Mircəlal Hüseynov da AzadlıqRadiosuna deyib ki, oğlunun saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyinin "102" Xidmətinə məlumat verib: "Bu gün, dekabrın 7-də məsələ ilə bağlı Xəzər rayonu 3-cü polis bölməsinə dəvət edildim və oğlumun itkin düşməsi ilə bağlı izahat yazdım. Mənə dedilər ki, gün ərzində cavab verəcəklər, amma, hələlik, heç bir məlumat yoxdur".

Azərbaycanın hüquq-mühafizə orqanlarından isə bu deyilənlərə, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Hərəkatın iki üzvünün də narkotikdə günahlandırıldığı bildirilir

“Müsəlman Birliyi” Hərəkatının dekabrın 1-də və 2-də saxlandığı bildirilən üzvləri Nicat ƏliyevSamir Babayevin həbs edildiyi deyilir.

Nicat Əliyevin 4, Samir Babayevin isə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna onların yaxınları məlumat verib.

Yaxınlarının vurğulamasına görə, hərəkat üzvləri narkotiklərin satışında ittiham olunurlar.

Buna da bax: ​​​​​​​İranda Bəsic üzvünün ölümünə görə 5 nəfərə edam cəzası kəsilib

Lakin onlara qarşı hansı maddə ilə cinayət işinin qaldırıldığı və işin başqa detalları haqqında heç bir məlumatlarının olmadığını söyləyirlər.

Məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Bundan öncə, noyabrın 23-də saxlanan “Müsəlman Birliyi” Hərəkatının digər üzvü Şahin Qədirovun Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edildiyi, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildiyi də açıqlanmışdı.

Buna da bax: 'Sədərək' sahibinin evindən 800 minlik oğurluq iddiası: tərəflər bir-birini ittiham edir

Hərəkat hesab edir ki, qısa müddətdə üç üzvünün həbs olunması özbaşınalıq və qanunsuzluqdur.

Bu açıqlamaya da rəsmi qurumlardan, hələlik, münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri, bir qayda olaraq, əsassız sayırlar.

Sizin brauzer HTML5-i dəstəkləmir

İranda azərbaycanlı fəal: "Burda bazarlar bağlanıb"

Xatırlatma

"Müsəlman Birliyi" Hərəkatının bəzi rəhbər şəxsləri hazırda uzunmüddətli həbsədirlər.

Onlar 2015-ci ildə ikisi polis olmaqla altı nəfərin öldüyü Nardaran hadisələri zamanı həbs ediliblər. Həmin şəxslər qətl və başqa ağır cinayətlərdə ittiham edilirlər.

Lakin heç kimi öldürmədiklərini və saxlandıqdan sonra ağır işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Daxili İşlər Nazirliyi isə işgəncə şikayətlərini əsaslı saymayıb.