Pakistanın Ali Məhkəməsi 76 yaşlı keçmiş prezident Pervez Musharraf-ın işinə baxılması üçün xüsusi məhkəmənin yaradılmasını “qeyri-konstitusiya” aktı kimi tanıyıb.
Xüsusi məhkəmə keçmiş prezidenti edam cəzasına məhkum etmişdi. Beləliklə onun barəsində çıxarılmış ölüm hökmü də ləğv olunub.
Ona qarşı hökmdən petisiya vermiş Musharraf-ın şikayətinə baxan Ali Məhkəmənin qərarında deyilir ki, keçmiş prezidentə qarşı dövlət xəyanəti ittihamını araşdıran mühakimə ölkə qanunvericiliyinə uyğun aparılmayıb.
Dekabrın 17-də Musharraf dövlət xəyanətində və ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunaraq ölüm cəzasına məhkum edilmişdi.
Məhkəmənin qərarında deyilir ki, keçmiş prezident 2007-ci ildə ölkədə fövqəladə vəziyyət elan etməklə konstitusiyanı pozub.
Həmin vaxtlarda Pakistanda etirazlar geniş vüsət almış və Musharraf-ın siyasi rəqibi Benazir Bhutto mühacirətdən vətənə qayıtmışdı.
Lakin bu qayıdışdan bir ay sonra Bhutto çoxminlik nümayişdə törədilmiş terror aktı nəticəsində həlak olmuşdu.
Buna da bax: Musharraf ölüm cəzasına məhkum edildi
Musharraf ona qarşı bir neçə ittiham üzrə zaminə buraxılmışdı, halbuki o həm də 2006-cı ildə Bəlucistan vilayətinin millətçi lideri Akbar Bugti-nin və keçmiş baş nazir Benazir Bhuttonun qətllərində şübhəli bilinirdi.
Müşarraf-ın özü 2016-cı ildən bəri Dubayda müalicədədir. O iddia edir ki, səhhətində olan çoxsaylı problemlərlə bağlı vətənə qayıda bilmir.
Musharraf Pakistanda 1999-cu il hərbi çevrilişi nəticəsində ovaxtkı baş nazir Benazir Bhuttonu devirərək hakimiyyətə gəlmişdi.
Bhuttonu korrupsiyada ittiham etmişdilər və o qiyabi olaraq 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Pervez Musharraf Pakistanın prezidenti postunda 2008-ci ilədək qalmışdı.
O kütləvi etirazlar nəticəsində istefa vermişdi.