Müstəqilliyin bərpasından 33 il keçir

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

Respublika Ali Sovet 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib. Həmin gün düz 30 il Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi qeyd edilib. Üstəlik, artıq Azərbaycanda 18 Oktyabr bayram sayılsa da, rəsmi iş günüdür. Halbuki 1992-2006-cı illərdə bu tarix Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub. 2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən dəyişiklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi Günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. Həmin tarixlər bayram günü kimi saxlanılsa da, iş günü sayılır.

O zaman 18 Oktyabrın iş günü elan edilməsi ölkədə birmənalı qarşılanmamışdı. Müxalifət bunu tənqid etmişdi. Onlar deyirdi ki, mövcud hakimiyyətin müstəqilliyin qazanılmasında xidmətləri olmadığından belə qərar veriblər. Amma rəsmi təbliğatda indiki prezident İlham Əliyevin atası-keçmiş prezident Heydər Əliyev (1993-2003-də prezident olub) "müasir Azərbaycan dövlətinin qurucusu" kimi dəyərləndirilir. Hərçənd Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) kimi müxalif siyasi qüvvələr bu dəyərləndirməni də həqiqət saymırlar.

Dövlət müstəqilliyi müstəqilliyin bərpası oldu

İki il əvvəl isə Azərbaycan Milli Məclisinə "Müstəqillik Günü haqqında" yeni qanun layihəsi təqdim edildi. Həmin layihədə isə Respublika Gününün (28 may) adı dəyişdirilərək Müstəqillik Günü, Dövlət Müstəqilliyi Gününün (18 oktyabr) isə Müstəqilliyin Bərpası Günü elan edilməsi təklif olunurdu. Az sonra da layihə parlamentdə qəbul edildi.

Həmin layihə ilə bağlı məlumatlar yerli saytlarda yayıldıqdan sonra bəzi sosial şəbəkə istifadəçiləri öz narazılıqlarını bildirmişdilər. Onlar, əsasən, Respublika Gününün adının dəyişdirilməsini tənqid edirdilər. Hətta bəzi narazılar "əlvida Respublika" kimi ifadələr də işlədirdilər. Hakimiyyət rəsmiləri isə belə fikirləri əsaslı saymır.

32 il əvvəl qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisidir.

1918-ci il mayın 28-də iki il ömür sürən Azərbaycan Cümhuriyyəti yaranıb. 1918-1991-ci illər arasında Azərbaycan SSRİ-nin tərkibində olub.

Sizin brauzer HTML5-i dəstəkləmir

Tarixi görüntülər - Müstəqillik Aktı belə qəbul edildi