2021-ci ilin iyununda Azərbaycana Almaniyadan readmissiya olunan və sonra 7 il azadlıqdan məhrum edilən Mütəllim Orucovun fevralın 12-də həbsdə aclıq aksiyasına başladığı bildirilir. Onun yaxınları AzadlıqRadiosuna deyib ki, 3 saylı İstintaq Təcridxanasında saxlanılan Orucov aksiyasını ona lazımi tibbi yardım göstərilməməsi ilə izah edib: "O, yüksək təzyiqdən, sinə ağrılarından və başqa xəstəlikdən əziyyət çəkir. Dünən, fevralın 12-də bununla bağlı axırıncı dəfə müraciət edib ki, tibbi yardım alsın, amma heç kim baxmır deyə, etiraz olaraq aclıq aksiyasına başlayıb".
Bu deyilənlər ilə bağlı Penitensiar Xidmətindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb. Amma qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı bildirilib ki, məhkumlarla lazimı tibbi və başqa şərait yaradılır.
Ötən il oktyabrın 21-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Orucovu 7 il azadlıqdan məhrum edib. O, Azərbaycana qaytarılandan dörd ay sonra böyük miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilib. M.Orucov ittihamı qəbul etmir.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahısına daxil edilənlər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.
Son illər bir neçə yüz mühacir Almaniyadan Azərbaycana readmissiya olunub. Onlardan beşi sonradan Azərbaycanda həbs edilib. Həmin şəxslərin bir neçəsinə qarşı sırf narkotik ittihami verilib. Yaxınları bu ittihamı qurama sayır.
Readmissiya dedikdə, saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olduğu, qaldığı və ya yaşadığı aşkarlanan şəxslərin mənşə dövlətinə qaytarılması nəzərdə tutulur.