Müzəffər Baxışıv vəkillikdən uzaqlaşdırılır

Muzaffar Bakish

-

Tanınmış vəkil Müzəffər Baxışov Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət ediləcək.

Bu haqda qərar kollegiyanın Rəyasət Heyətinin aprelin 1-də keçirilən toplantısında qəbul olunub.

Tanınmış vəkil haqqında qərar Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın kollegiyaya şikayəti əsasında çıxarılıb. Həmin şikayət üzrə açılan inzibati icraata baxan Rəyasət Heyəti M.Baxışovun üzvlükdən xaric edilməsi üçün məhkəməyə müraciət edilməsinə qərar verib.

Müzəffər Baxışov iddia edir ki, baş verənlər Ali Məhkəmənin sədri Ramiz Rzayevin göstərişilə həyata keçirilir. Vəkil deyir ki, Ali Məhkəmənin sədri barəsində səsləndirdiyi fikirlərə görə cəzalandırılıb:

"12 noyabr 2015-ci ildə Ali Məhkəmədə kassasiya şikayətinə baxılarkən ciddi qanun pozuntusuna yol verilmişdi. Həmin işə də hakim Tatyana Qoldmanın sədrliyilə baxılmışdı. O, heç bir hüquqi əsası olmayan qərar qəbul etmişdi. O işdəki tərəflərdən biri Müdafiə Nazirliyinin keçmiş stomatoloji poliklinikasının rəisi Fərhad Cavadov idi. Məndə də dəqiq məlumat vardı ki, Fərhad Cavadov Ali Məhkəmənin sədri Ramiz Rzayevin şəxsi diş həkimidir və Ramiz Rzayevin göstərişilə onun xeyrinə qərar verilmişdi. Noyabrın 17-də "moderator.az" saytına açıqlamada bunu demişdim. Bunu əsas tutaraq, barəmdə Vəkillər Kollegiyasına müraciət olunmuşdu".

Vəkil onu da qeyd edib ki, hüquqlarının müdafiəsi üçün sonadək mübarizə aparacaq.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası davam edir.

Müzəffər Baxışov vaxtaşırı ölkədəki hüquq sistemini, vəkilliyin durumunu tənqid edən çıxışı ilə seçilir.

Vəkillər, özəlliklə də əsas insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində çalışanlar vaxtaşırı basqılara məruz qalır, vəkillikdən kənarlaşdırılırlar.

Müxtəlif vaxtlarda tanınmış vəkillər - İntiqam Əliyev, Qurban Məmmədov, Aslan İsmayılov, Əlayif Həsənov, Namizəd Səfərov, Lətifə Əliyeva, Elçin Namazov, Xalid Bağırov, Hidayət Süleymanov haqda oxşar qərarlar verilib. Onlardan bəziləri intizam məsuliyyətinə cəlb olunaraq vəkillikdən kənarlaşdırılıblar. Bəzilərinin isə vəkil statusu əldə etmələrinə əngəllər yaradıldığı bildirilir.

Daha bir vəkilə töhmət, digərinə xəbərdarlıq...

Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Bəhruz Bayramov və Elçin Sadıqovu da cəzalandırıb.

Buna səbəb prezidentin əfv sərəncamı ilə azadlığa çıxan jurnalist Pərviz Həşimovun müdafiəsində onların ardıcıl iştirak etmədikləri göstərilib.

Elçin Sadıqov

Kollegiya Bəhruz Bayramova töhmət verib, Elçin Sadıqova isə xəbərdarlıq edib.

Bu haqda Bəhruz Bayramov məlumat verib.

Bəhruz Bayramov

Hər iki vəkildən Kollegiyaya Ali Məhkəmənin hakimi Fərhad Kərimov şikayət edib. Şikayət jurnalist Pərviz Həşimlinin məhkəmə işi ilə bağlı olub. Vəkillər 2015-ci ildə jurnalistin məhkəmə prosesinə onun istəyi ilə qatılmayıblar. P.Həşimlinin bəyanatını mediada yayıblar.

Ali Məhkəmənin hakimi kollegiyaya şikayətində vəkillərin prosesə qatılmamasını onların Pərviz Həşimlinin hüquqlarını müdafiə etməkdən yayınmaları kimi ifadə edib. Bundan başqa P.Həşimlinin bəyənatını təhqir kimi dəyərləndirib.

Vəkillər Kollegiyasının aprelin 1-də hər iki vəkil barəsində verdikləri qərar bunun əsasında çıxarılıb.

B.Bayramov əsasən, hökuməti tənqid edən şəxslərin müdafiəsi ilə tanınıb. Vəkil Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəallarının, habelə, “Azadlıq” qəzetinin mühacirətdə olan baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidovun, əmisi oğlu Rövşən Zahidovun, hüquqlarını müdafiə edir. O, şair Saday Şəkərlinin, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi, hüquq sistemini sərt tənqiddən sonra vəzifəsindən kənarlaşdırılan Rüfət Səfərovun, sabiq millət vəkili Gültəkin Hacıyevanın da vəkilidir.

Vəkil Elçin Sadıqov isə jurnalistlərin hüquqlarının müdafiə edən Media Hüququ İnstitutundakı fəaliyyəti ilə tanınıb.

Vəkillər Kollegiyasının aprelin 1-də həmçinin, tanınmış vəkil Müzəffər Baxışovun kollegiyadan xaric edilməsi üçün məhkəməyə müraciət edilməsinə qərar verib.

Buna da bax: Avtobusda yaşayan ailəyə yardım

Sizin brauzer HTML5-i dəstəkləmir

Avtobusda yaşayan ailəyə yardım