Psixoloq Nərmin Şahmarzadə Milli Qəhrəman Mübariz İbrahimov haqqında Facebook səhifəsində yazdığı fikirlərə görə məhkum edildi. Oktyabrın 23-də Xətai rayon Məhkəməsində hakim Cavid Hüseyn bu barədə hökm çıxarıb. Hökmə əsasən, N.Şahmarzadə CM-in 148-ci maddəsiylə - M.İbrahimovun şərəfini ləkələməkdə, onu təhqir etməkdə təqsirli bilinib. Bu maddə ilə ona 400 saat ictimai işlər cəzası verilib.
Hökmdən öncə N.Şahmarzadə son sözünü deyib. Özünü təqsirli bilmədiyini, kimsəni təhqir etmədiyini vurğulayan psixoloq bəraət istəyib: «Mən şəhidlər barədə heç nə yazmamışam. Yalnız qəhrəmanlıq məsələsinə öz münasibətimi bildirmişəm. Statusda da qeyd eləmişəm ki, bu, kimisə ləkələmək məqsədi daşımır. Mənim statusumda təhqir, böhtan olmayıb. İstəyirəm ki, Qarabağ azad olunsun. Amma müharibə yox, sülh yoluyla. Mən yalnız sülhün tərəfdarıyam…».
N.Şahmarzadə Milli Qəhrəmanın anası Şamama İbrahimovanın xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cinayət məsuliyyətinə cəlb edilib. O, CM-in 147 (böhtan) və 148-ci maddələri ilə ittiham olunurdu. Hakim Nərminin statuslarında böhtan olmadığı qənaətinə gəlib və 147-ci maddə ilə ona bəraət verib.
Buna da bax: Mübariz İbrahimova görə psixoloqa 3 il həbs tələb olundu
«Çəkiləcək və internetdə yayımlanacaq»
Ş.İbrahimovadan əlavə Fövqəladə Hallar Nazirliyinin mayoru Araz Musayev də Nərminin cinayət məsuliyyətinə cəlb olunması üçün iddia qaldırmışdı. Amma onun iddiası icraata götürülmədi.
A.Musayev məhkəmənin N.Şahmarzadə haqqında hökmünü belə şərh edib: «Qadın olduğunu nəzərə alıb belə cəza verildi. Biz bunu da ədalətli hesab edirik. Küçələri süpürəcək, çəkiləcək və internetdə yayımlanacaq».
Amma Nərminin cəzalandırılması tələbiylə məhkəmənin qarşısına toplaşanların bir qismi hökmdən narazı qalıb. Onlar cəzanın adekvat olmadığını iddia edərək psixoloqun həbsini tələb ediblər.
Ş.İbrahimovanın vəkili Ramil Rüstəmov bildirib ki, onunla məsləhətləşəndən sonra hökmdən şikayət verib-verməmək məsələsi qətiləşəcək.
N.Şahmarzadə isə hökmü əsassız və ədalətsiz sayır. O, AzadlıqRadiosuna hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.
Ekspert rəyində N.Şahmarzadənin statuslarında yazdığı «...öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır» və «...Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman» cümlələri M.İbrahimovun «şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlar» hesab edilib.
Buna da bax: Ekspertiza Mübariz İbrahimov haqqında statuslara rəy verdi
N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra Facebook profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib.
Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.
22-yaşlı gizirin meyiti ermənilər tərəfindən götürülüb və yalnız noyabrın 6-da qaytarılıb.