25 müharibə veteranı yüksək texnologiyalı protezlə təmin edilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Qolu olmayanın da pensiyası kəsilib - Əlillər etiraz edir

25 müharibə veteranı yüksək texnologiyalı protezlə təmin edilib, daha 50 nəfərin də protezlərlə təminatı prosesi yekunlaşır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirliyin kollegiya iclasında bildirib.

Nazirin sözlərinə görə, yuxarı ətrafları amputasiya olunmuş müharibə veteranlarının son nəsil protezlərlə təminatı üçün işlər aparılır.

İslandiyanın "ÖSSUR" şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə bu kateqoriyadan olan 32 keçmiş döyüşçüdən müvafiq ölçülər götürüldüyü deyilir.

Nazir həmçinin qeyd edib ki, şəhadətləndirilmiş 600-dən çox müharibə veteranına əlillik dərəcəsi verilib, sosial ödənişlər təyin olunub. Həmçinin, reabilitasiya mərkəzlərində onların sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təminatı işləri də aparılır.

S.Babayev bu il mühüm bir hissəsi müharibə əlillərindən ibarət olmaqla 205 şəxsə mühərrikli təkərli oturacaq verildiyini, ümumilikdə cari ilin 5 ayında 5 minədək əlilliyi olan şəxsin 18 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edildiyini söyləyib.

Müharibədə əli-ayağı amputasiya edilmiş bəzi döyüşçülər müxtəlif vaxtlarda KİV-də və ya sosial mediada onların protezlə təmin olunmadığını, süründürməçiliyə yol verildiyini bildiriblər. Bundan başqa, müharibə veteranları ayrı-ayrı qruplarla nazirlik qarşısında həm bununla bağlı, həm əlillik dərəcəsinin təyin olunmasında üzləşdikləri problemlərlə, həm də təqaüd və psixoloji dəstək ala bilməmələri ilə bağlı etiraz aksiyaları keçiriblər.