Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyevin işi üzrə məhkəmə istintaqı başa çatmışdı. Dekabrın 11-də məhkəmədə prokuror çıxış etməli idi. Amma hakimlər fikirlərini dəyişiblər – məhkəmə istintaqının yenilənməsi, işin bir daha təkrar araşdırılmasına qərar verilib.
İki nəfərin ölümü, daha üçünün yaralandığı qəzaya görə həbs olunan N.Allahverdiyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Allahverdiyevin işi üzrə məhkəmə iclaslarına jurnalistlər buraxılmır. Ona görə də AzadlıqRadiosu məhkəmədə olub-bitənlərdən orada iştirak edən vəkillər vasitəsi ilə xəbər tutur.
***Buna da bax-Əli Həsənovun nəvəsi törətdiyi qəzanın səbəbini açıqladı
Dekabrın 11-də keçirilən məhkəmədə N.Allahverdiyevin vəkilləri məhkəmə istintaqının təzələnməsi haqda vəsatət qaldırıblar. Deyiblər ki, müdafiə tərəfi məhkəməyə bir sıra sənədlər təqdim edib. Vəkillər həmin sənədlərin iş üçün əhəmiyyətli olduğunu bildirərək, araşdırılmasını istəyiblər.
İttihama görə, qəza zamanı maşını yüksək sürətlə idarə edən N.Allahverdiyevin xəsarət yetirdiyi piyadalar arasında Türkiyə vətəndaşları Mutallib və Songül Tekiş cütlüyü də olub. Onlar hadisədən sonra bir neçə gün Bakıda xəstəxanada saxlansalar da, sonradan İstanbula aparılıb, orada klinikaya yerləşdiriliblər. Tekiş cütlüyü zərərçəkmiş qismində tanınsa da, məhkəməyə nə özləri gəlib, nə də nümayəndə göndəriblər. Dekabrın 11-də keçirilən məhkəmədə isə Allahverdiyevin vəkili onların məktubunu təqdim edib. Yazıblar ki, təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur.
***Buna da bax-Əli Həsənovun nəvəsi özünü qismən təqsirli bilib
Hakimlər müdafiə tərəfinin vəsatətini təmin edib – məhkəmə istintaqının yenilənməsinə qərar verilib. Məmur nəvəsinin məhkəməsi dekabrın 18-nə qalıb.
Xatırlatma
N.Allahverdiyevin həbsinə səbəb olmuş qəza avqustun 3-də axşam saat 21:00 radələrində paytaxtın Heydər Əliyev prospektində baş verib. Allahverdiyevin idarə etdiyi «Mercedes-Gelandewagen» yolu keçən piyadalar Vaqif Əsədovu və Tekiş cütlüyünü vurub, ardınca «VAZ-21015» markalı avtomobilə çırpılıb. Bundan sonra yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçən «Mercedes-Gelandewagen» yanmağa başlayıb. Qəza nəticəsində piyada V.Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş 31 yaşlı M.Əliyev dünyasını dəyişib.
N.Allahverdiyevin ittiham olunduğu CM-nin 263.3 maddəsində 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.