Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 9-da Azərbaycandan göndərilmiş 10-dan artıq ərizə üzrə üç yekun qərardadını elan edib.
Hüquqşünas Xalid Ağalıyevin verdiyi məlumata görə, hökumət Nardaran olayları zamanı həbs edilənlərdən səkkiz nəfərə ümumilikdə 64 min avro təzminat ödəyəcək.
"Cabbar Cabbarov və başqaları Azərbaycana qarşı" məhkəmə işində ərizəçilərin hamısı 2015-ci ildə Nardaran hadisələri zamanı həbs edilib, daha sonra müxtəlif ittihamlara görə azadlıqdan məhrum olunublar. Onlar AİHM qarşısında iddia ediblər ki, həbs edilərkən, saxlanılan və bir yerdən başa yerə aparılan zaman pis rəftarla üzləşiblər. İddialarına görə, belə rəftarın məqsədi onlardan istənilən ifadələri almaq olub.
Hüquqşünasın sözlərinə görə, kommunikasiya zamanı hökumət iddiaları "bir növ etiraf edərək" ərizəçilərin hər birinə 8 min avro təzminat ödəməyi və ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasını təklif edib. Ərizəçilər isə hökumətin pozulmuş hüquqların nəticələrinin aradan qaldırılması üçün hansı tədbirləri görəcəyini aydın ifadə etmədiyini bildirərək təklif olunan məbləği yetərli saymayıblar. Amma AİHM işin araşdırılmasının davam etdirilməsi üçün əsaslar görməyib, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib: "Qərara əsasən, hökumət üç ay ərzində ərizəçilərə – Cabbar Cabbarov, Etibar İsmayılov, Abbas Hüseynov, İbrahim Xudaverdiyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Cabir Əliyev və Ruzi İsmayılovun hər birinə 8 min avro ödəməlidir".
2015-ci ilin noyabrında baş verən Nardaran hadisələrində iksi polis olmaqla altı nəfər həlak olub. O vaxt "Müsəlman Birliyi Hərəkatı"nın rəhbər şəxsləri və tərəfdarları həbs edilib. Ümumilikdə 80 civarında şəxs hakim önünə çıxarılıb və onların məhkəməsi ayrı-ayrı qruplar halında keçirilib. Onlar qətl və başqa ağır cinayətlərdə ittiham ediliblər. Hərəkatın sədri Taleh Bağırov 20, digərləri də müxtəlif müddətə həbs cəzaları aliblar. Lakin onlar məhkəmədə qətl, başqa cinayətlər törətmədiklərini və işgəncələrə məruz qaldıqlarını açıqlayıblar. Hüquq-mühafizə orqanları isə işgəncə şikayətlərini əsassız sayıb.
Bu qərarda haqlarında bəhs edilən Cabbar Cabbarov 19, Abbas Hüseynov 20, Etibar İsmayılov 14 il 6 ay, İbrahim Xudaverdiyev 14 il 6 ay, Ramil Seyfullayev 15, Mübariz İbrahimov 15, Cabir Əliyev və Ruzi İsmayılov də 16 il həbs cəzası alıblar.
Hələlik, qərara və hüquqşünasın fikirlərinə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
AİHM-in açıqladığı daha iki qərar ədalətli məhkəmə və mülkiyyət hüququnun pozulması ilə bağlı olub. Bu qərarlarla isə Azərbaycan hökuməti üst-üstə 14 min avrodan çox təzminat ödəməlidir.