Bu gün Nardaran hadisələrindən 1 il ötür

Nardaran, 26 noyabr 2015

Bu gün Nardaran hadisələrinin bir ili tamam olur. 2015-ci il noyabrın 26-da Nardaranda silahlı insident olub. Rəsmi məlumata görə, bu zaman dörd nəfər kənd sakini və iki polis ölüb. Gecə baş verən hadisələrdən sonra noyabrın 27-də kəndə elektrik enerjisinin verilməsi dayandırılıb və yollarda polis postları qurulub.

Həmin hadisərlə bağlı ilhaiyyatçı Tale Bağırov başda olmaqla bir çox adam həbs edilib və hazırda bu işlə bağlı məhkəmə prosesi davam etməkdədir.

Həbsindən bir neçə gün öncə - noyabrın 18-də facebookda yayılan video çıxışında Tale Bağırov bildirmişdi ki, onu və tərəfdarlarını şərləyərək həbs etmək planlaşdırılır.

Bundan sonra ölüm təhdidləri aldığını deyən Tale Bağırov növbəti təxribatların qarşısını almaq üçün Nardaran qəsəbəsinə gedir və orada dostlarının evində qalır. Elə əməliyyat da məhz həmin evdə - Əbülfəz Bünyatovun evində keçirilib.

Rəsmi orqanların versiyası hadisələrin kontekstini bir qədər fərqli göstərir.

Nardaran işi üzrə Baş prokurorluğun və Daxili İşlər Nazirliyininn noyabrın 26-da əməliyyat keçiriləndən dərhal sonra yayılan məlumatda deyilirdi:

“Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri etmişdir”.

Hökumət Nardaranda əməliyyatı məhz bu əsasla keçirdiyini iddia edirdi. Hüquq mühafizə orqanları 26 noyabr və 1 dekabrda keçirilən əməliyyatlar zamanı ittihamların təsdiqi olaraq, silahlı müqavimətlə qarşılaşdığını, silah sursat aşkarlandığını iddia edir.

Dindarın həbsindən dərhal sonra televiziya təbliğatı və rəsmi məlumatların təsiri altında cəmiyyətdə ekstremist epitetləri səslənsə də, indi mövqelər birmənalı deyil.​

Buna da bax: Nardaran qarşıdurması (1-ci hissə) - jurnalist araşdırmasının nəticələri

Hətta bəzi ekspert və siyasilər baş verənləri hakimiyyətdəki qruplardan birinin siyasi elitaya əzələ nümayiş etdirməsi kimi də dəyərləndirib.

Buna da bax: Nardaran olayının kökündə nə dayanır?- [Şərhlər]

Buna da bax: Nardaranda qarşıdurma, ölən və yaralılar var - [Video, Fotolar]