Nardarandakı dini icma fəaliyyətini dayandırıb

Nardaran - 2012

Nardarandakı «Rəhiməxanım Ziyarətgahı» dini icmasının fəaliyyətini dayandırdığı bildirilir.

«Respublika» qəzeti bu haqda xəbər yayıb. Xəbərə görə, icmanın təsisçilərinin avqustun 12-də keçirilən iclasında belə qərar qəbul edilib. Bununla da Nardaran qəsəbəsindəki «Rəhiməxanım Ziyarətgahı» dini icması ləğv edilib.

Dini icma özünü buraxması ilə bağlı hər hansı məlumat yaymayıb.

«Rəhiməxanım Ziyarətgahı» dini icması Nardaran pirində yerləşirdi. Pirin 8-ci əsrə aid olduğu bildirilir. Tarixi iddialara görə, bu pirdə imam Rzanın bacısı Rəhimə xanımın qəbri yerləşir. O, xəlifə Harun ər-Rəşid və Məmunun dövründə Azərbaycana pənah gətirən peyğəmbər nəslindən biri güman edilir.

«Rəhiməxanım Ziyarətgahı» dini icması 1993-cü ildən fəaliyyət göstərirdi.

Özünü Nardarandakı «Rəhiməxanım Ziyarətgahı»nın Hüseyniyyə məscidinin axundu kimi təqdim edən Hacı Nuhbala Rəhimov bu ilin mayında Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 12 sutkalıq inzibati həbs cəzası almışdı. Daha sonra N.Rəhimov haqqındakı inzibati həbs tədbiri 4 aylıq həbs-qətimkan tədbirinə dəyişdirilib. O, Nardaran hadisələri ilə bağlı təqsirli bilinərək, başlanmış cinayət işinin istintaqına cəlb edilmişdi.

Buna da bax - 'Nardaran məhbuslarının bədənində güllələr var'

Sizin brauzer HTML5-i dəstəkləmir

"Nardaran məhbuslarının bədənində güllələr var"

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda 2-si polis olmaqla 6 nəfərin öldüyü bildirilir. Həmin hadisələrlə bağlı ümumilikdə 70-dən çox şəxsin həbs edildiyi deyilir. Onlardan yüngül maddələrlə ittiham olunanlardan bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib. Qətl və daha ağır cinayətlərdə ittiham edilən «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırov və daha bir çoxunun məhkəməsi davam edir.