Narkoloji Mərkəzdə yanğına görə həbs olunan həkim vəfat edib

Sizin brauzer HTML5-i dəstəkləmir

25 nəfərin ölümünə səbəb olan yanğın

Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü yanğına görə həbs olunan dörd nəfərdən biri olan Azad Ələkbərov vəfat edib. Mərkəzin şöbə müdiri olmuş A.Ələkbərov sentyabrın 29-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib.

Narkoloji Mərkəzdəki yanğınla bağlı cinayət işi üzrə vəkillərdən biri də AzadlıqRadiosuna xəbəri təsdiqləyib: «Ürəyində ciddi problemlər vardı. İstintaq vaxtı infarkt keçirmişdi. Ürəyinə stend qoyulmuşdu».

Narkoloji Mərkəzdə martın 2-də 25 nəfərin öldüyü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu. İki aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onlardan dördünün mühakiməsi gedir.

İyulda onların işi məhkəməyə göndəriləndə səhhətindəki problemlərlə əlaqədar həkim A.Ələkbərovun haqqındakı cinayət işi ayrılmışdı.

Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

64 yaşlı M.Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş A.Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, qalan üç nəfər isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.

Lakin onların heç biri özlərini təqsirli bilmir.