Bölgədə narkovəziyyət:‘ Əvvələr bir nəfər məktəbli olub, iki ildir yoxdur’

Arxiv foto

26 iyun Beynəlxalq Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə günüdür.

AzadlıqRadiosunun əməkdaşı cənub bölgəsində bu sahədə vəziyyəti öyrənməyə çalışıb.

Rəsmi rəqəmlərdə Lənkəran rayonunda 2000-dən çox narkomanın olduğu bildirilir. Amma müstəqil araşdırmaçılar bu rəqəmin 5 mindən yuxarı olduğunu deyirlər.

Lənkəran Regionlararsı Narkoloji Dispanserin baş həkimi Vaqif Əliyev-in AzadlıqRadiosuna söylədiyinə görə, pandemiya dövründə narkomanların sayında ciddi dəyişiklik baş verməyib:

“Pandemiyanın buna təsiri yoxdur. Ancaq əvvəlki illərə nisbətən ümumi dinamikada azalma var. Qadın norkomanların sayı da azdır. Rəsmi qeydiyyatda məktəbli uşaq yoxdur. Əvvələr bir nəfər məktəbli olub. İki ildir yoxdur”.

Lənkəran Regional HİV Laboratoriyasının baş həkmi Rəmiəli İbişov deyir ki, HİV-ə (SPİD-ə - A.R.) yoluxanların 50 faizi narkomanlardır:

“Hamı koronavirusla məşğuldur. Buna diqqət azalıb. Hazırda 7 rayonda 1500-ə qədər yoluxma var. Onların 50 faizi narkomandır”.

Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi Oktay Əmənullayev isə qeydiyyatda 350 nəfər narkomanın olduğunu bildirir.

Asən Həşimli, arxiv foto

İçtimai fəal Asən Həşimli narkomanların sayının rəsmi rəqəmlərdən bir neçə dəfə çox olduğunu və narkotik maddələrin bölgəyə əsasən İrandan gətirildiyini iddia edir.

“Pandemiya dövründə İrana gediş-gəliş dayandırılsa da, ölkəmizə narkotiklərin daşınması dayanmayıb. Demək olar ki, hər gün ölkə mətubatında narkotiklərin müsadirə edilməsi barədə xəbərlər verilir. Tranzit yolun üstündəyik. Bu narkotiklərin müəyyən hissəsi İranla sərhəddə yerləşən rayonlarda yayılır. Əhali içərisində müşahidlər göstərir ki, narkomanların sayı kifayət qədərdir, azalmır. Narkoman varsa narkotik də, narkobiznes də var”.

Səhiyyə Nazirliyinin bu ilin mayında yadığı məlumata görə, 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər olub.

Qeyd olunur ki, həmin şəxslərdən 28318 nəfər dispanser, 5470 nəfər profilaktik qeydiyyatdadır və onlardan 618 nəfəri qadındır.

Buna da bax: 'Narkotik evimi yıxdı, ailəmi dağıtdı'

23537 nəfərin isə opioid qrupuna, 10251 nəfərin kannabinoid qrupuna aid narkotik istifadəçiləri olduğu bildirilir.

Azərbaycanda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” qəbul edilib, rəsmilər onun uğurla icra olunduğunu deyirlər.