Nasist düşərgəsinin keçmiş katibəsi barədə həbs orderi çıxarıldı

Ötən il mühakimə olunmuş 93 yaşlı keçmiş SS nəzarətçisi

Almaniyanın gizlilik qanunlarına görə adı açıqlanmayan təqsirləndiriləni ölkə mediası İrmqard Furçner kimi təqdim edib

Nasist düşərgəsində kütləvi qətllərə yardımda ittiham olunan 96 yaşlı qadın Almaniyada məhkəməyə getməyib. Hakim Dominik Qross təqsirləndirilən barədə həbs orderi çıxarıb.

Məhkəmənin sözçüsü İrmqard F. adlı qadının qaldığı qocalar evini taksi ilə tərk etdiyini, ancaq məhkəməyə getmədiyini deyib.

Oktyabrın 1-də Almaniyada müharibədən sonra birinci Nürnberq tribunalında 12 nasist hərbi cinayətkarın ölümə məhkum edilməsinin 75 illi tamam olur.

***

Nasist konsentrasiya düşərgəsinin SS komandirinin 96 yaşlı keçmiş katibəsi sentyabrın 30-da Almaniyanın şimalındakı İtzehoe şəhərində məhkəmə qarşısına çıxarılır. O, son onillər ərzində nasist erası cinayətlərində ittiham olunan ilk qadınlardan biridir.

Buna da bax: Merkel: Adamın adı Klaus və ya Erika olmasa da alman ola bilər

Stenoqraf və makinaçı işləyib

Almaniyanın gizlilik qanunlarına görə adı açıqlanmayan təqsirləndiriləni ölkə mediası İrmqard Furçner kimi təqdim edib.

O, 2-ci Dünya Müharibəsi zamanı işğal altında olan Polşanın Stuthof düşərgəsində 10 mindən çox insanın qətlində əlbirlikdə ittiham olunur.

Məhkəmənin bəyanatında şübhəlinin “1943-cü ilin iyunundan 1945-ci ilin aprelinədək düşərgə komendantının ofisində stenoqraf və makinaçı kimi çalışarkən saxlananların kütləvi qətlinə kömək etdiyi” deyilir.

Təqsirləndirilən yeniyetmələr üçün məhkəmə qarşısına çıxarılacaq, çünki iddia olunan cinayətlər vaxtı yaşı 21-dən az olub.

Buna da bax: Svastika: rifah rəmzi, qız adı

100 yaşlı kişi mühakimə olunur

Bu iş son on ildə Almaniyada bərqərar olmuş hüquqi presedentə əsaslanır. Belə ki, nasist düşərgələrində çalışmış istənilən şəxs konkret cinayətdə iştirakına dəlil olmasa belə, törədilən qətllərdə yardımına görə mühakimə oluna bilər.

Ötən il keçmiş SS nəzarətçisi Bruno Dey 93 yaşında təqsirli bilinib, ona iki il şərti cəza kəsilib.

Brandenburqda isə 100 yaşlı kişi 2-ci Dünya Müharibəsi vaxtı Berlin kənarındakı konsentrasiya düşərgəsində SS mühafizəçisi kimi iddia olunan xidmətinə görə məhkəmə qarşısına çıxarılır.