Bu gün, sentyabrın 28-də REAL Hərəkatının icra katibi Natiq Cəfərli ABŞ-ın Azərbaycandakı səfirliyində olub.
O, səfir Robert Cekuta, səfirin siyasi işlər üzrə müşaviri xanım Susan Chesley ilə görüşüb.
REAL-dan verilən xəbərə görə, görüşdə ictimai-siyasi vəziyyət, hərəkatın həbsdə olan lideri İlqar Məmmədovun məsələsi, Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri və bunun ölkənin gələcək inkişafına təsiri müzakirə edilib.
Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Konstitusiyaya 29 məsələ ilə bağlı dəyişiklik edilib.
Orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.
Üstəlik, əgər torpaqlardan səmərəli istifadə edilməsə, torpaq üzərində mülkiyyət hüququ alına bilər.
Mərkəzi Seçki Komissiyası bildirir ki, xalqın böyük əksəriyyəti bu dəyişikliklərə səsə verib.
«REAL» Hərəkatının icra katibi Natiq Cəfərli də bu il avqustun 12-də qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilərək həbs olunmuşdu. Sonradan sentyabrın 9-da o, Bakıdan çıxışına yasaq qoyulmaq şərti ilə azadlığa buraxılıb.
Referendum baş tutdu - bundan sonra nə olacaq?
Sizin brauzer HTML5-i dəstəkləmir