İtkin düşmüş Müsavat fəalı qətlə yetirilib

Natiq Mehdi (Ulubəy)

Musavat fəalının ölümü ilə bağlı cinayət işi açılıb

İtkin düşmüş Müsavat Partiyası fəalı Natiq Mehdinin ölümü ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin bugün, mayın 14-də yaydıqları birgə məlumatda bildirilir.

Məlumata görə, bu il mayın 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat alıblar.

Rəsmi qurumlar əlavə edir ki, istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onu həmin gün, saat 23 radələrində bir iş yoldaşının Xətai rayonu ərazisində “şəxsi münasibətlər zəminində" aralarında yaranmış mübahisə zamanı qəsdən öldürməsinə əsaslı şübhələr yaranıb.

Açıqlamada habelə qeyd edilir ki, Natiq Mehdinin meyiti saxlanan iş yoldaşının istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb.

Hələlik, rəsmi açıqlamaya Natiq Mehdi və saxlanan şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.

***

İtkin düşmüş Müsavat Partiyası fəalının qətlə yetirildiyi bildirilir.

Daxili İşlər Nazirliyindən (DİN) "Turan"a bildirilib ki, Natiq Mehdinin itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Vurğulandığına görə, polis müəyyən edib ki, 1964-cü il təvəllüdlü N.Mehdi qətlə yetirilib.

DİN bu məsələ ilə bağlı onun bir iş yoldaşının saxlanaraq istintaqa təhvil verildiyini deyir.

Hələlik, adı açıqlanan həmin saxlanan şəxsin və ya vəkilinin ittihama münasibətini öyrənmək mümkün olmayıb.

Müsavatçının günlərdir itkin düşdüyü bildirilir

Azərbaycanda müxalif Müsavat Partiyasının fəalı Natiq Mehdinin (Ulubəy) yoxa çıxdığı deyilir.

Bu barədə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, N.Mehdi mayın 10-da yaşadığı Bakı şəhərində öz şəxsi avtomobili ilə birlikdə yoxa çıxıb, onun haqqında məlumat almaq mümkün deyil: "Yaxınları məsələ ilə bağlı 37-ci polis bölməsinə ərizə ilə müraciət ediblər. Biz də məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq, amma, hələlik, heç bir məlumat yoxdur. Onun telefonuna da zəng çatmır".

Bu deyilənlərə hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

N.Mehdi Müsavat Partiyasının başqanlığına öz namizədliyini irəli sürmüşdü, qurultaya bir neçə gün qalmış namizədliyini geri götürmüşdü.

Müsavat Partiyasının qurultayı mayın 4-də olub. Orada 1992-ci ildən 2014-cü ilə qədər bu partiyaya rəhbərlik edən İsa Qəmbər yenidən Müsavat başqanı seçilib.