Ermənistan Azərbaycanla sülh prosesində NATO-nun dəstəyinə ümid edir

Yens Stoltenberq və Nikol Paşinyan Yerevanda birgə bəyanatlarla çıxış ediblər

NATO-nun baş katibi Yens Stoltenberq bu gün, martın 19-da Yerevanda baş nazir Nikol Paşinyan ilə danışıqlardan sonra bildirib ki, Cənubi Qafqazda sabitlik onların təhlükəsizliyi üçün zəruri və vacibdir, "çünki biz daha təhlükəli dünya ilə üz-üzəyik".

O, Bakı və Tbilisi səfərindən sonra Yerevana gəlib.

"Ermənistan və Azərbaycanın uzun illər sürən münaqişədən sonra davamlı sülh əldə etmək şansı var. Buna görə də mən hər iki ölkəni münasibətlərin normallaşmasına və xalqları üçün davamlı sülhə yol açacaq razılaşmaya çağırıram. NATO Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və sizin sülhsevər niyyətlərinizi dəstəkləyir", - NATO-nun baş katibi bildirib.

Stoltenberq qeyd edib ki, o, Ermənistan hakimiyyətinin sülhün lehinə açıq çıxış etməsini, demokratik dəyərlərə sadiqliyini yüksək qiymətləndirir.

Öz növbəsində, N.Paşinyan bu qurumla münasibətlərə toxunaraq Ermənistan-NATO tərəfdaşlığının yeni formatının, fərdi tərəfdaşlıq proqramının yaxın vaxtlarda təsdiqlənəcəyinə ümid etdiyini bildirib: "Regionumuzda baş verən hadisələr fonunda Ermənistanın müqavimətini gücləndirməsi və müvafiq müdafiə qabiliyyətini inkişaf etdirməsi son dərəcə vacibdir".

Buna da bax: Əliyev NATO-nun baş katibinə: 'Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq'

Paşinyanın sülh formulu

Paşinyan deyib ki, Yerevan Bakı ilə münasibətlərin tənzimlənməsinə artıq razılaşdırılmış üç prinsip əsasında yanaşır: ərazi bütövlüyünün qarşılıqlı tanınması, demarkasiya və regionun blokadan çıxarılması.

"Biz beynəlxalq ictimaiyyətdən, o cümlədən NATO-dan Ermənistanla Azərbaycan arasında məlum, qarşılıqlı razılaşdırılmış prinsiplərə əsaslanan sülh prosesinə, habelə məcburiyyət və təhdidlərin birmənalı şəkildə rədd edilməsinə güclü dəstək gözləyirik", - baş nazir bildirib.

Region ölkələri adından çıxış edən Paşinyan deyib ki, Yerevan da Türkiyə ilə münasibətlərin normallaşdırılması gündəliyinə sadiqdir. Üstəlik, baş nazirin sözlərinə görə, Ankara ilə iki il əvvəl əldə edilmiş razılaşmaların icrası regionda vəziyyətə müsbət təsir göstərə bilər.

Eyni zamanda, Paşinyan vurğulayıb ki, Yerevanın Tbilisi və Tehranla xüsusi münasibətləri var, ona görə də hər hansı başqa əməkdaşlıq bu regiona qarşı yönələ bilməz.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.