NATO Rusiyanın hava insidenti ilə bağlı iddiasına aydınlıq gətirir

İnsident anı: Rusiyanın Su-27 qırıcısı aşağıdadır

NATO bir gün əvvəl Baltik dənizi üzərində baş vermiş insidentin detallarını açıqlayaraq bildirib ki, alyansın iki döyüş təyyarəsi Rusiyanın iki Su-27 qırıcısına yaxınlaşıb.

NATO bildirib ki, Rusiya qırıcılarınınn uçuş planı yox idi və onlar transponderlərini söndürmüşdülər.

Bundan bir gün əvvəl Rusiya Müdafiıə Nazirliyi iddia etmişdi ki, onun iki Su-27 qırıcısı müdafiə naziri Sergei Shoigu-nu daşıyan təyyarəyə yaxınlaşan F-18 təyyarəsini beynəlxalq sular üzərində qovublar.

NATO-nun sözçüsü Oana Lungescu avqustun 14-də deyib ki, Rusiyanın Tu-214 təyyarəsini müşayiət edən iki Rusiya Su-27 qırıcısı avqustun 13-də Baltik dənizi üzərində və NATO hava məkanının yaxınlığında aşkar edilib:

"Tu-214 təyyarəsinin etibarlı uçuş planı vardı. Lakin onu müşayiət edən Su-27 qırıcılarının uçuş planları yox idi və onların transponderləri söndürülmüşdü. Onlar hava nəqliyyatı dispetçerləri ilə kommunikasiyaya girmirdilər”.

Buna da bax: Moskva NATO və Rusiya qırıcıları arasında insident yaşandığını iddia edir

Lungescu deyib ki, məhz buna görə də NATO-nun Baltik Hava Patrulu Missiyasının iki təyyarəsi sözü gedən qırıcıları vizual müşahidə etmək üçün havaya qaldırlıb:

"Onlar təyyarələri təhlükəsiz məsafədən monitorinq edirdilər, lakin bu zaman Rusiya qırıcılarından biri təhlükəli manevr edərək NATO təyyarələrindən birinin yoluna daxil olub”.

Lungescu deyib ki, NATO Tu-214 təyyarəsində kimin uçduğunu bilmirdi.

Rusiya və NATO təyyarələri arasında insidentlərin sayı Moskva hərbi əzələsini nümayiş etdirməyə başlayandan bəri artıb.

Avqustun 14-də baş vermis başqa bir insident barədə TASS agentliyi xəbər verib.

Xəbərdə deyilir ki, Rusiyanın iki Tu-95MS “raketdaşıyan bombardmançısı” Barents və Norveç dənizləri üzərində Norveç Hərbi Hava Qüvvələrinin iki F-16 qırıcısı tərəfindən izlənib.