NATO nüvə silahını hazır vəziyyətə gətirmək istəyir

"Minuteman" qitələrarası ballistik raketi buraxılış mədənində

Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ölkələr Rusiya, Çin və Şimali Koreyadan gələn təhdidlərə görə nüvə silahlarının hazır vəziyyətə gətirilməsinə dair məsləhətləşmələrə başlayıb.

Bu barədə "The Telegraph"a müsahibəsində NATO baş katibi Yens Stoltenberq bildirib.

Stoltenberqin sözlərinə görə, hazırda NATO-ya üzv ölkələr çox sayda nüvə başlıqlarının yerləşdirilməsi ilə bağlı danışıqlar aparırlar. Onun vurğulamasına görə, raketlərin anbarlardan çıxarılması və gözləmə rejiminə keçirilməsi müzakirə edilir: "Əlbəttə, NATO-nun məqsədi nüvə silahı olmayan bir dünyadır, amma bu silah var olduqca, biz nüvə ittifaqı olaraq qalacağıq. Çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu, NATO-nun isə olmadığı bir dünya daha təhlükəlidir".

NATO-nun baş katibi həmçinin bildirib ki, Çin müasir silahlara, o cümlədən 2030-cu ilə qədər min döyüş başlığına qədər yüksələcək nüvə arsenalına böyük sərmayələr yatırır.

"Bu o deməkdir ki, yaxın gələcəkdə NATO iki potensial nüvə düşməni – Çin və Rusiya ilə üzləşə bilər. Əlbəttə, bunun nəticələri olacaq", - Stoltenberq bildirib.

İyunun 17-də Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dünyada nüvə silahlarına dair hesabatı açıqlanıb. Hesabat 2024-cü ilin əvvəlində doqquz dövlətin (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, İsrail və Şimali Koreya) ümumilikdə 12 min 121 nüvə başlığına malik olduğunu göstərir. Onlardan 9 min yarımdan çoxu potensial istifadəyə yararlı sayılır. Təxminən 2 min 100-ü isə ballistik raketlərdə yüksək döyüş hazırlığı vəziyyətindədir. Onların az qala hamısının Rusiya və ABŞ-a məxsus olduğu bildirilir.

Hesabatda vurğulanır ki, ötən il yüksək döyüş hazırlığında olan bir neçə nüvə başlığı ilk dəfə Çində də görünüb.

Mütəxəssislərin fikrincə, Soyuq müharibədən bəri nüvə silahları indiki kimi heç vaxt belə nəzərəçarpacaq rol oynamayıb.

2024-cü ilin mayında Rusiya qeyri-strateji nüvə qüvvələrinin Belarusla birgə təlimlərinin keçirildiyini elan edib, iyunda onun ikinci mərhələsi başlayıb. O zaman Kreml bəyan edirdi ki, təlimlər NATO-ya üzv dövlətlərin nümayəndələrinin Qərb ölkələrindən Ukraynaya hərbi personal göndərilməsinin mümkünlüyü ilə bağlı son bəyanatlarına cavabdır.

Vladimir Putin Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində Rusiyanın nüvə doktrinasının dəyişdirilməsini istisna etməyib. Putin "nüvə silahı ilə oynamaq" fikrində olmadığını söyləyib, lakin sonra qeyd edib ki, Avropa bu məsələdə "az-çox müdafiəsizdir". Lakin daha sonra əlavə edib ki, işin nüvə zərbələri həddinə gəlib çatacağını düşünmür.