Seks, yalanlar və Instagram: Rusiyada “Rıbkageyt” davam edir

Rusiya baş nazirinin müavini Sergey Prixodko (solda) və milyarder Oleq Deripaska

AzadlıqRadiosunun müxbiri Carl Schreck yazır ki, Rusiyada milyarderlər, siyasətçilər, seks və sevgililərlə bağlı qalmaqallar davam edir.

Rusiya müxalifətinin lideri Aleksey Navalnı bu həftə Rusiya milyarderi Oleq Deripaska, ölkə baş nazirinin müavini və metallurgiya maqnatının keçmiş sevgilisi olduğunu iddia edən qadın barədə materialları yayıb.

Deripaska fevralın 9-da bildirib ki, “onun şərəf və ləyaqətinin təhqir olunmasına edilmiş istənilən cəhdlə məhkəmə müstəvisində mübarizə aparacaq”.

Bu bəyanat Navalnının yeni ifşaedici materialları açıqlamasından bir gün sonra səslənib. Navalnı Deripaska ilə Rusiya baş nazirinin müavini Sergey Prixodkonun görüşü haqqında məlumatları yaymışdı. Bu görüşün Norveç sahillərində, Deripaskanın yaxtasında yer aldığı bildirilirdi.

Rusiya prezidenti Putininxarici siyasət məsələləri üzrə keçmiş baş müşaviri Prixodko da RBK qəzetinə Navalnı ilə çəkişəcəyini bildirib, lakin onun iddialarına heç bir şərh verməyib:

"Əslində onunla bir kişi kimi danışmaq lazım idi, amma biz hüquq müstəvisində qalacağıq. Belə görünür ki, siyasi əfəl gündəmdə qalmaq üçün yenə də mümkün olanla olmayanı bir-birinə qarışdırıb təxribat törədir. Mənim dostumdan tutmuş Amerika prezidenti Trump və Manaforta qədər hamını bura qatır. Yeri gəmişkən mən Manafortu şəxsən tanımıram…”

Prixodko deyib ki, Deripaska çox güman Navalnını məhkəməyə verəcək.

Bu məsələyə münasibəti soruşularkən Kremlin sözçüsü Dmitri Peskov deyib ki, “şərh verə bilmir və istəmir”.

Milyarder Oleq Deripaska (solda) və Rusiya baş nazirinin müavini Sergey Prixodko yaxtada (videodan kadr)

Milyarderi necə tovlamalı?

Bu qalmaqal 1990-cı illərdə Rusiya siyasətçiləri arasında baş vermiş informasiya müharibələrini xatırlaladır. Bəziləri bu mənada 1999-cu ildə baş prokuror Yuri Skuratovu istefaya məcbur etmiş seks videolarını yada salıblar.

Navalnının ifşa materiallarındakı qadının mümkün motivləri Rusiyada bir çox siyasi müşavirləri düşündürür.

Belarusdan olan bu qadın Nastya Rıbka kimi tanınır. O iddia edir ki, Deripaska ilə eşq macərası olub.

Onun Instagram fotosunda həqiqətən də Deripaskanın yaxtasında olduğu görünür. Rıbka öz hesabından habelə Deripaska və Prixodkonun söhbətinin audiosunu paylaşıb. Bu audioda onlar Rusiya-ABŞ münasibətlərini müzakirə edirlər.

Rıbka Belarus əsilli Alex Lesley adlı birisinin yaxın tanışıdır. Bu adam özünü “seks xiridarı” kimi təqdim edir və kişilərə qadınları “bişirməyi” təlim edir.

Ötən il prezident Putinlə Kreml uğrunda yarışa girəcəyini elan etməklə Britaniya mətbuatının səhifələrinə çıxmış Lesley-nin Rıbkanın Instagram fotolarında şəkilləri var.

Navalnı və komandası bildirirlər ki, onlar Rıbkanın sosial media postlarını təsadüfən aşkar ediblər.

Aşkar olunmuş videoda bir neçə gənc qadını müşayiət edən millət vəkili görünür. Putinin hakim Vahid Rusiya partiyasından olan bu rəsminin Lesley-nin “eşq kursları” ilə bağlılığı məlumdur.

Navalnı öz təhqiqatını dərc etdikdən sonra Rıbka Instagram platformasından ona diqqətinə görə təşəkkürünü bildirib.

Bunun ardınca yazdığı postda Rıbka Deripaskanın yaxtasında dəstə tərəfindən zorlandığını iddia edib.

Lakin fevralın 9-da yazdığı postda o, zorlama iddiasının zarafat olduğunu bildirir.

Nastya Rıbka

Rıbka həm də ötən il çap edilmiş “Milyarderi necə ram etməli” adlı kitabın müəlliflərindən biri kimi göstərilib. Navalnının təhqiqatında bu kitabda Deripaska və Prixodko ilə yaxta gəzintisinə işarə edildiyi iddia olunur, hərçənd onların adları çəkilmir.

Rusiya jurnalistlərindən və siyasi şərhçilərindən Oleq Kaşin fevralın 9-da yazdığı məqalədə qeyd edir ki, Rıbkanın davranışı “heç bir məntiqə sığmır”: “Görəsən bu qadına kim və nə şəkildə təhlükəsizlik qarantiyası verib. Onun sosial media fəaliyyəti lap əvvəldən niyə kimsə tərəfindən dayandırılmayıb?”

Navalnının ifşa materiallarını əsas Rusiya qəzetləri görməməzliyə vurub.

Navalnı belə münasibətdən təəcübləndiyi bildirib və bu vəziyyəti “sükut divarı” adlandırıb.

Lakin Rusiyanın müstəqil radiostansiyaları müxalifətçinin ifşa materialları barədə fevralın 9-da məlumat veriblər.

Deripaskanın prezident Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafortla bir müddət ortaq biznesi olub.

Deripaska ötən il onun Paul Manafort-la biznesi barədə məlumat dərc etmiş Associated Press agentliyini Amerika məhkəməsinə verib.

Amerika hakimi bu məhkəmə şikayətini rədd edib və bildirib ki, Deripaska AP-nin xəbərində “heç bir konkret maddi fakt” göstərə bilməyib.