Rusiya müxalifətçisi Aleksey Navalnı bugün – iyunun 4-də 48 yaşına qədəm qoyacaqdı. Lakin o bu il fevralın 16-da Arktika zonasının Xarp qəsəbəsi yaxınlığındakı xüsusi rejimli koloniyada vəfat edib.
Yoldaşları Navalnının öldürüldüyündə israr edirlər. Hakimiyyət isə onun təbii səbəblərdən vəfat etdiyində israrlıdır.
AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, iyunun 4-də adamlar səhər saatlarından Navalnının Moskvadakı Borisov qəbirstanlığındakı məzarına gül-çiçək dəstələri aparırlar.
Rusiyanın bir sıra şəhərlərində polis fəallara xəbərdarlıq vərəqələri paylayıb.
Berlində keçirilən yas mərasimində müxalifətçinin xanımı Yuliya Navalnaya, habelə siyasətçinin dostları və yoldaşları iştirak ediblər.
"7х7" saytının yazdığına görə Sıktıvkar şəhərində siyasətçinin ad günü ərəfəsində polis fəalların evlərinə baş çəkərək xəbərdarlıq edib.
Polis habelə fəal Yelena Qulinanın evində olub. O ötən il Navalnının ad günündə piket keçirdiyinə görə üç sutkalıq həbs olunmuş, 25 min rubl cərimə edilmişdi. Fəal polislərə qapını açmadığını bildirib.
Permdə və Bereznikidə beş fəala xəbərdarlıq vərəqələri verilib. Hüquqşünas Artyom Fayzulin deyib ki, polis əsasən bundan əvvəl ictimai aksiyalarına, o cümlədən Navalnının kortəbii yaranmış xatirə guşəsinə gül dəstələri qoyduqlarına görə cərimə olunanların evlərinə gəlib.
Novosibirskdə siyasi repressiya qurbanlarının Narım bağındakı abidəsinin ətrafına siqnal lentləri bağlanıb. “Sibirski ekspress” saytı xəbər verir ki, hazırda abidəni iki polis nəfəri mühafizə edir.
Yaşıllaşdırma idarəsindən bildiriblər ki, guya bağda abidənin “müayinəsi” keçirilir.
Buna da bax: Akif Qurbanovun həbsdə təhdid olunduğu bildirilir“Bu hakimiyyət süngü üstündə qurulub”
Daha sonra polislər Yekaterina Alekseyenkonu saxlayıblar. O başqa fəallarla birlikdə lentə baxmayaraq abidəyə gül-çiçək dəstələri qoymağa çalışırdı.
Yoşkar-Ola şəhərindəki siyasi repressiya qurbanları abidəsinin üzərinə gül dəstələri qoyulub.
Samarada polis bir qadının şəklini çəkib və şəxsi məlumatlarını yazıb. O hər il Boris Nemtsovun xatirəsi yad edilən fəvvarənin yaxınlığına gül dəstəsi qoyurdu.
Xabarovsk fəalı Ziqmund Xudyakov Navalnının ad günü münasibətilə müraciət yazıb. Müraciətdə deyilir:
"Bugün Navalnının 48 yaşı tamam olmalıydı. Amma hakimiyyət başqa cür qərar verdi. Bu, həmin hakimiyyətdir ki, süngülər üzərində bərqərar olub”.
İyunun 4-də Berlində Navalnının əqidə yoldaşları “Salam, bu Navalnıdır” adlı konsert keçirəcəklər. Konsertdən yığılan pulların siyasi məhbusların ehtiyaclarına xərclənəcəyi elan edilib.
DOXA saytı yazır ki, Rusiya boyunca bir sıra şəhərlərdə kortəbii olaraq Navalnı guşələri yaranır.
Dostları və yaxınları, jurnalistlər və ictimai xadimlər sosial şəbəkələrdə Navalnı haqqında xatirə qeydləri yazırlar.