43 ölkə Navalnının ölümünün beynəlxalq ekspertizasını tələb edir

43 ölkə Rusiyada müxalif siyasətçi Aleksey Navalnının ölümünün beynəlxalq səviyyədə araşdırılmasını tələb edib.

Navalnı Rusiya Arktikasındakı Xarp qəsəbəsində yerləşən xüsusi rejimli koloniyada qəflətən vəfat edib.

Ailəsi və tərəfdarları onun öldürüldüyünü iddia edirlər.

Hakimiyyət iki həftə müddətində müxalifətçinin nəşini anasına verməkdən imtina edirdi.

Daha sonra isə onun dəfni və vidalaşma mərasimi üçün çoxsaylı süni maneələr yaradılmışdı.

Navalnı martın 1-də Moskvada dəfn olunub.

Buna da bax: 'Diktatura olduğu halda, 'demokratiya var'... deyən şəxslə nəyisə danışmağın mənası qalmır'

Lotte şəxsən Putini ittiham edib

Navalnının ölümü ilə bağlı müstəqil beynəlxalq təhqiqatın zəruriliyi haqqında martın 4-də Avropa İttifaqının BMT-dəki nümayəndə heyətinin başçısı Lotte Knudsen danışıb.

Bu barədə məlumat verən agentliklərin yazdığına görə xanım Knudsen deyib ki, bu ölkələrin rəyinə görə bu ölümə görə məsuliyyəti şəxsən prezident Vladimir Putin daşıyır:

"Rusiya bu qəfil ölümün səbəblərinin araşdırılması üçün müstəqil və şəffaf təhqiqata icazə verməlidir”.

Lotte deyib ki, Navalnının ölümü Rusiyada sistematik repressiyaların artdığını və sürətləndiyini nümayiş etdirir.

Aİ nümayəndəsi Rusiyanın siyasi rəhbərliyinin baş verən hadisə ilə bağlı məsuliyyətə cəlb edilməsini tələb edib.

Buna da bax: Samarada dəmiryol körpüsündə partlayış olub

Siyasi məhbusları azad etmək tələbi

Bundan başqa Knudsen Rusiya hakimiyyətini öz insan hüquqlarından istifadə etdiyinə və müharibəyə etiraz bildirdiyinə görə həbs olunmuş bütün siyasi məhbusların, insan haqları müdafiəçilərinin, jurnalistlərin və antimüharibə fəallarının dərhal azad olunmasına çağırıb:

"Biz Rusiya Federasiyasını özünün repressiv qanunvericiliyini ləğv etməyə və məhkəmə sistemindən siyasi məqsədlərlə sui-istifadəyə son qoymağa çağırırıq”.

Bu müraciəti imzalamış ölkələrin sırasında Aİ ölkələri, ABŞ, Britaniya, Ukrayna, Avstraliya, Kanada, Yeni Zelandiya və Norveç də var.

Rəsmi məlumata görə Navalnı təbii səbəblərdən ölüb. Lakin onun dul xanımı və silahdaşları Navalnının öldürüldüyünü iddia edirlər.

Navalnının yoldaşlarından Mariya Pevçix demişdi ki, müxalifətçinin ölümü onun Qərblə dəyişdirilməsi planına dair danışıqlarla bağlı olub.

Təhqiqatçı Xristo Qrozev Dojd telekanalına müsahibəsində deyib ki, bir qrup jurnalist hazırda bu istiqamətdə araşdırma aparır.