Sobolun azadlığı məhdudlaşdırıldı

Lyubov Sobol

Hökmdə Sobolun axşam 10-dan səhər 6-dək evdən çıxması, ictimai tədbirlərə qatılması, Moskvanı tərk etməsi qadağan olunur

Avqustun 3-də Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnının müttəfiqinə 18 aylıq azadlığı məhdudlaşdırma cəzası kəsilib. Moskvada məhkəmə Lyubov Sobolu sanitariya və epidemioloji təhlükəsizlik qaydalarını pozmağa çağırmaqda təqsirli bilib.

Sobolun yanvarda əhalini Navalnıya dəstək üçün icazəsiz yürüşlərə çağırdığı iddia olunur. Onun vəkili hökmü pisləyib, şikayət veriləcəyini deyib.

Hökmdə Sobolun axşam 10-dan səhər 6-dək evdən çıxması, ictimai tədbirlərə qatılması, Moskvanı tərk etməsi qadağan olunur. O, ayda üç dəfə polisə məlumat verməlidir.

Yanvarın sonunda Navalnının həbsinə qarşı icazəsiz kütləvi yürüşlər öncəsi müxalifətçinin bir sıra müttəfiqləri saxlanıb. Onların çoxu ev dustağı edilib.

45 yaşlı Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdarkən saxlanıb. O, ötən avqustda Noviçok sinir qazıyla zəhərlənəndən sonra Berlində müalicə alırdı. Özü zəhərlənmənin arxasında Prezident Vladimir Putinin dayandığını desə də, Kreml insidentlə hər hansı bağlılığı inkar edib.