Birlik Naxçıvanda tətbiq olunan bu praktikanın mərkəzi hökumətdən götürüldüyünü bildirir.
Təşkilatın sədr müavini Rövşən Ağayev AzadlıqRadiosuna deyib ki, bu, Konstitusiyada əksini tapan mülkiyyət bərabərliyi prinsipinə və Azərbaycanın qoşulduğu beynəlxalq sənədə - Yerli Özünüidarə Xartiyasına ziddir.
Kəngərli rayonunun Qabıllı, Yeni Kərki, Xıncab və Şahtaxtı bələdiyyələrinin mülkiyyətində olan torpaq sahələri, Babək rayonunun Nəzərabad, Güznüt, Çeşməbasar, Göynük, Naxışnərgiz və Hacıvar bələdiyyələrinin mülkiyyətində olan torpaq sahələrinin kateqoriyası dəyişdirilərək, dövlət mülkiyyətinə qatılıb. Bu haqda Naxçıvan Muxtar Respublikası (NMR) Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verir. Ekspertlər belə qərarları qanunsuz sayırlar.
Buna da bax: 'Bələdiyyə sahibkarlıq fəaliyyətimə mane olur'
Bələdiyyədən alıb dövlət mülkiyyətinə veriblər
Muxtar resbublika hökumətinin dekabrın 27-də qəbul etdiyi başqa bir qərarla Şərur, Ordubad, Culfa və Şahbuz rayonlarının bir neçə kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələri də «dövlət mülkiyyətinə aid obyektlər tikildiyinə görə» dövlət mülkiyyətinə verilib.
Bu qərarların tam mətni ilə Naxçıvan MR Hüquqi Aktların Dövlət Reyestrində tanış olmağın mümkünlüyü bildirilir. Ancaq həmin resurs 2016-cı ilin sentyabrından bəri yenilənmir.
Məktəb, ambulatoriya torpağı isə bələdiyyəyə verilib
Muxtar respublika hökuməti Şahtaxtı, Nəzərabad və Xincab kəndlərində köhnə məktəb binasına ayrılmış torpaq sahələrinin dövlət mülkiyyətindən bələdiyyənin ehtiyat fonduna keçirilməsi haqqında Kəngərli və Babək rayon İcra Hakimiyyətlərinin sərəncamlarını təsdiqləyib.
Başqa bir qərarla Şərur rayon Çomaxtur kənd orta məktəbinin, Püsyan kənd həkim ambulatoriyasının, Danyeri kənd inzibati ərazi nümayəndəliyinin, Çomaxtur və Tumaslı kənd bağçalarının balansında olan, amma istifadə edilməyən torpaq sahələri bələdiyyələrin ehtiyat fonduna verilib. Şahbuz rayonunun Kolanı kəndində dövlət mülkiyyətindəki köhnə məktəb binası söküləndən sonra boş qalan torpaq sahəsi də kənd bələdiyyəsinin ehtiyat fonduna daxil edilib.
Buna da bax: İcra qurumları bələdiyyə torpaqlarına rəy verməyəcək
Ekspert: «Mülkiyyət hüququnun bərabərliyi prinsipi pozulur»
«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi Naxçıvanda tətbiq olunan bu praktikanın mərkəzi hökumətdən götürüldüyünü bildirir. Birlik sədrinin müavini Rövşən Ağayev AzadlıqRadiosuna deyib ki, bu, Konstitusiyada əksini tapan mülkiyyət bərabərliyi prinsipinə və Azərbaycanın qoşulduğu beynəlxalq sənədə - Yerli Özünüidarə Xartiyasına ziddir.
R. Ağayev Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı adından «2012-ci ildə Azərbaycanda yerli idarəetmə ilə bağli baş verən dəyişikliklərin bələdiyyələrin institusional inkişafina təsirinin qiymətləndirilməsi üzrə Rəy» hazırlamış 2 müəllifdən biridir.
İki qanun pozuntusu
Sənəddə təcrübədə geniş yayılmış 2 növ qanun pozuntusu diqqətə yetirilir: Bələdiyyə mülkiyyətində olan torpaq sahələrini ayrı-ayrı dövlət orqanları müxtəlif məqsədlərlə geri alır. Qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması məqsədilə də bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə olunur. Ancaq hər iki halda torpağın mülkiyyətçisi olan bələdiyyələrə heç bir kompensasiya ödənilmir.
180-ə yaxın bələdiyyə 820 min manata baxır
Naxçıvan ərazisində 171 bələdiyyə var. 2015-ci ildə onların toplam büdcə gəliri 8,6 faiz artaraq 820,6 min manat olub. Bunun 366 min manatı Azərbyacanın dövlət büdcəsindən ayrılan subsidiyadır.