Bugün, dekabrın 28-də Naxçıvan Muxtar Respublikasının mərkəzi Naxçıvan şəhərində taksi sürücülərinin Ali Məclisinin binası qarşısında aksiya keçirdikləri bildirilir.
Bu barədə “Turan” İnformasiya Agentliyinə yerli sakinlər məlumat veriblər.
Onlardan aksiyada iştirak etdiyini, amma adının çəkilməsini istəməyən bir nəfər bunları deyib:
"Naxçıvanda istənilən adam taksi sürücüsü işləyə bilməzdi. Vasif Talıbovun dövründə taksi maşınları yalnız "NAZ Lifan" markalı avtomobillər olmalı idi. Başqa maşınlara taksi işləməyə icazə verməmişdilər. Etiraz edən kimi maşınları cərimə meydançasına aparırdılar, lisenziyamızı isə ləğv edirdilər. Biz də acından ölməmək üçün məcbur olub razılaşırdıq. Bu 20 minlik maşınları bizə 35 min manata satırdılar".
"NAZ Lifan" markalı avtomobilərin Naxçıvan MR-da yığıldığı bildirilir.
Buna da bax: Naxçıvanda səlahiyyətlər toqquşurmu?Yerli sakinlərin vurğulamasına görə, Ali Məclisin binası önünə toplaşanlar yeni rəhbərlikdən bununla bağlı onların müracətinə baxmağı xahiş ediblər.
Aksiyanın insidentsiz başa çatdığı bildirilir. Hələlik, bu deyilənlərə MR-nın indiki və keçmiş rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
Bundan əvvəlki illərdə eyni şikayətlərlə bəzi Naxçıvan sakinləri Azadlıq Radiosuna da üz tutmuşdular.
Onda da belə şikayətlərə MR rəsmi qurumlarından münasibət almaq mümkün olmamişdı. Naxçıvandan seçilən deputatlar isə bir qayda olaraq belə şikayətlərdə səslənən iddiaları təsdiq etmirdilər.
Buna da bax: Naxçıvanda komitə sədri həbs edildiXatırlatma
Ötən həftə, dekabrın 22-də dövlət başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb.
Digər sərəncamla Naxçıvanda Azərbaycan prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Bu şəxs Fuad Vahid oğlu Nəcəfli olub. Naxçıvan Ali Məclisinin sədri vəzifəsi isə, hələlik, boşdur.
Dekabrın 21-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefası qəbul edilib. O düz 27 il idi həmin vəzifədə çalışırdı.
Ondan bir qədər əvvəl isə MR-da bəzi vəzifəli şəxslər mənimsəmə ittihamı ilə həbs edilib. Onların ittihama münasibəti bəlli deyil.