-
«Qızım Səyyarə Qəmbərova iyunun 3-də Naxçıvan Ali Məclisinə qəbula gedib, oradan Daxili İşlər Nazirliyinə aparılıb. Südəmər körpəsi olan qadını axşam saat 11-ə kimi orada saxlayıblar».
Bunu AzadlıqRadiosuna S.Qəmbərovanın atası, müxalifətçi mövqeyi ilə tanınan Nurəddin Bayramov deyib.
Atanın deməsinə görə, S.Qəmbərova həyat yoldaşı Ülvi Qəmbərovun işdən azad edilməsi ilə bağlı Naxçıvan Ali Məclisinə vurduğu teleqramlara cavab almaqdan ötrü ora gedib: «Ü.Qəmbərov 12 ildir ki gizir kimi hərbi xidmət keçir. 2015-ci ilin dekabrında komandiri onu xidməti uyğunsuzluğa görə işdən azad edilməsi haqda ərizə yazmağa məcbur edib. O da yazıb».
N.Bayramov deyib ki, qızı S.Qəmbərova analıq məzuniyyətindədir: «YAP üzvü olan S.Qəmbərova Ali Məclisə teleqramlar vurur ki, qəbula düşərək ailənin durumunu Ali Məclisin sədri Vasif Talıbova anlatsın. Buna görə, əvvəlcə Ali Məclisə qəbula gələn qızımı Naxçıvan Daxili İşlər Nazirliyinə aparırlar, daha sonra saat 14 radələrində də əri Ülvi Qəmbərovu ora aparırlar. Axşam saat 23-ə kimi orada saxlayırlar. Bir körpə, bir südəmər uşaq yanlarında 8 saat orada qalırlar».
N.Bayramovun deməsinə görə, iyunun 3-də nazirlikdə qızından və kürəkənindən izahat alıblar. İyunun 4-ü yenidən nazirliyə gəlməyi tələb ediblər. N.Bayramovun bildirməsinə görə, nazirlikdə qızına və kürəkəninə deyiblər ki, yenidən şikayət etmək istəsələr, Naxçıvandan çıxarılacaqlar: «Onlara bu təzyiqlər mənim müxalifətçi olmağımla bağlıdır. Baxmayaraq ki, qızım və ailəsi mənim siyasi mövqeyimi bölüşmür, baxmayaraq ki, qızım YAP-çıdır»,-deyə ata qeyd edib.
N.Bayramovun bu dedikləri ilə bağlı, hələlik, nə Naxçıvan Daxili İşlər Nazirliyinin, nə də Ali Məclisin fikirlərini öyrənmək mümkün olub. Hər iki qurumda sualı eşidən kimi telefonun dəstəyini asırlar.