Azərbaycan MN: "Mövqelərimiz yenidən atəşə tutulub" 

Azərbaycan Müdafiə Nazirliyinin binası

Azərbaycan Müdafiə Nazirliyi (MN ) bildirir ki, Naxçıvan istiqamətində mövqeləri yenidən atəşə tutulub.

Məlumatda vurğulanır ki, avqustun 9-u saat 17:10-dan 17:40-dək Ermənistan silahlı qüvvələri mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

Nazirlik Azərbaycan ordusunun şəxsi heyəti arasında itki olmadığını və

qarşı tərəf cavab verildiyini qeyd edir.

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.

Xatırlatma

2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib.Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.