Naxçıvana uçuşlar bu tarixdən başlayır

AZAL

İyunun 18-də saat 12:00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq.

Bunu bu gün, iyunun 11-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib. Onun sözlərinə görə, həmin gün iki reys təşkil olunacaq. Digəri saat 15:00-da keçiriləcək.

Martın 24-dən Azərbaycanda koronavirus pandemiyası ilə bağlı karantin elan edilib. Daha sonra həm ölkəyə giriş-çıxış məhdudlaşdırılıb, həm də daxili uçuşlar dayandırılıb. Ölkəyə giriş-çıxışa qoyulan məhdudiyyətin iyulun 1-nə kimi davam edəcəyi gözlənir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirildiyinə görə, Naxçıvandan gələn sərnişinlər ev karantininə göndəriləcək.

Hələlik, Naxçıvandan savayı, ölkənin başqa bölgələrinə uçuşun bərpasından bəhs edilmir. Naxçıvanla Azərbaycanı hər hansı sərhəd birləşdirmir. O, şimaldan və şərqdən Ermənistanla, qərbdən Türkiyə, cənubdan isə İranla həmsərhəddir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 490 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 419 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyədək ümumilikdə 8 min 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 108 nəfər vəfat edib.