Türkiyədən koronavirusa görə, təxliyə olunmuş azərbaycanlı tələbələr hələ də Naxçıvanda saxlanırlar.
Dünən, martın 25-də azı iki məntəqəyə, hərəsinə 150-yə qədər tələbə gətirilib.
Şərurda yerləşən hərbi hissələrin birində yerləşdirilmiş 100-dən artıq tələbə də saxlanma şəraitindən narazıdır.
Tələbələr adlarının gizli qalması şərti ilə AzadlıqRadiosuna bunu danışıblar:
"Bu gün ilk yeməyi bizə günorta saat 12-də veriblər. Tualetə getməyə icazə vermirlər. İndi düşürdüblər hələ. Su vermirlər. Maska, dərman verilmir. Dünəndən bəri cəmi bir dəfə qızdırma ölçüblər. 10 nəfər eyni otaqdayıq. Qapıları bağlı saxlayırlar, qapının ağzında əsgərlər var. Biz dustaq deyilik, karantində olan vətəndaşıq. Səsimizi qaldırmaq istəyəndə, telefonları, pasportları əlimizdən alırlar. Səsini çıxaranı "podval"a aparırlar".
Türkiyədən gələn tələbələr narazılıq edirlər
Sizin brauzer HTML5-i dəstəkləmir
Tələbələr AzadlıqRadiosuna bildiriblər ki, dünən onlara su da verilməmişdi, bu gün artıq verilib.
Deyirlər ki, onlara Bakıya göndəriləcəkləri ilə bağlı məlumat veriblər, hələ ki, gözləyirlər.
Bu tələbələrin Şərurda, Duzgölü fizioterapiya mərkəzində qaldığı bildirilir.
Bu gün martın 26-da, tələbələrlə əlaqə saxlamaq mümkün olmayıb, onlar öz telefon nömrələrini paylaşmaq, jurnalistlərə danışmaq istəməyiblər.
AzadlıqRadiosu Naxçıvan rəhbərliyindən münasibət öyrənə bilməyib.
Xatırlatma
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb.
Son bir neçə ayda dünyada bu virusdan 21 mindən çox şəxsin vəfat etdiyi bildirilir.
Azərbaycanda indiyə qədər rəsmi şəkildə 122 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb.
Onlardan 15 nəfərinin sağalıb evlərinə buraxıldığı, 3 nəfərin isə öldüyü deyilir.
Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı bir neçə min şəxsin karantində saxlandığı açıqlanıb.