Nazarbayevə ‘ana söyüşünə’ görə 3 il iş

Arman Khasenov videoda

Qazaxıstanda Karaqanda sakini Arman Khasenov sosial şəbəkədə keçmiş prezident Nursultan Nazarbayevi təhqir etdiyinə görə 3 il müddətinə azadlıqdan məhrum edilib, lakin daha sonra cəza hər il üçün 100 saat fiziki əməklə əvəzlənib.

AzadlıqRadiosunun Qazax xidmətinin verdiyi xəbərə görə 29 yaşlı Khasenov “Qazaxıstanın birinci prezidenti Elbasının şərəf və ləyaqətinin açıq təhqir edilməsi və ona başqa şəkildə həqarət olunmasına” dair CM maddəsinin ikinci hissəsi üzrə təqsirli bilinib.

Məhkəmənin qərarında deyilir ki, Khasenov həbsxana cəzasından başqa həm də 41 min 600 tenge (104 dollar) cərimə ödəməlidir.

Hökmdə bildirilir ki, Khasenov təqsirini etiraf edib və “səmimi şəkildə peşman olduğunu” deyib.

"Birinci prezident" parkında Elbası Nursultan Nazarbaevin heykəli

Üzr istəməyə macal tapmayıb

O 2020-ci ilin aprelində YouTube saytına yerləşdirdiyi videomüraciətdə Nazarbayevi kəskin tənqid etmişdi.

Bunun ardınca Khasenov Milli Təhlükəsizlik Komitəsi tərəfindən həbs edilmiş və təcridxanaya salınmışdı.

Khasenov məhkəmədə deyib ki, o “özünün vətəndaş mövqeyini bildirmək istəyib və çoxdan yığılıb qalan ağrılarını ifadə edib”.

O daha sonra bildirib ki, “Elbasının anasını söymək üçün mənəvi haqqı olmayıb” və “həddini aşdığını dərk edib”.

Onun dediyinə görə “təhqiramiz sözləri üçün üzrxahlıq etmək məqsədilə daha bir video çəkmək istəyirdi, lakin həbs olunduğundan buna macal tapmayıb”.

Qazaxıstan qanunlarına görə Nursultan Nazarbayevə ömürlük öndər – Elbası-Elbaşı titulu verilib.

Bu qanun hətta ölkə konstitusiyasına daxil edilib.

Khasenov Qazaxıstanda sözü gedən maddə üzrə məhkum edilən ilk şəxs olub.