Yanvarın 31-də Bakının Nərimanov rayon Məhkəməsində sahibkar, keçmiş deputat Nazim Bəydəmirlinin həbs müddəti iki ay uzadılıb. Bu barədə onun yaxınları bildiriblər.
Müdafiə tərəfi məhkəmənin qərarını əsassız hesab edir və ondan şikayət vermək niyyətindədir.
N.Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq saxlanıb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Bəydəmirli ittihamı rədd edib, onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb.
Müdafiə tərəfinin bildirməsinə görə, N.Bəydəmirli hesab edir ki, o, ekologiya məhbusudur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür.
Sentyabrın 1-də Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə daha bir ittiham irəli sürülüb. O, bu ittihamı da qəbul etmir.
Onun ötən il noyabrın 1-də də həbs müddəti 3 ay uzadılmışdı.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Ötən il iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü sakinləri "Gədəbəy" qızıl yatağından çirkab suları üçün ikinci süni gölün qurulmasına ekoloji tələblərlə etiraz ediblər. Polis etirazlara gözyaşardıcı qazdan istifadə olunmaqla müdaxilə edib, saxlananlar, həbs edilənlər olub (onların dəqiq sayı rəsmi açıqlanmır).
İyulun 11-də prezident İlham Əliyev hökumətin iclasında Söyüdlüdəki etirazlardan danışarkən vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb. Bu çıxışdan iki gün sonra Söyüdlüdə qızıl yatağının istismarının müvəqqəti dayandırıldığı açıqlanıb.
Rəsmi monitorinqlərin nəticələrinə görə, ərazidə su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb. Bununla belə, ötən il sentyabrın 26-da mədənin mərhələlərlə fəaliyyətə başlaması məqbul sayılıb.