Həbsdə olan işadamı, keçmiş deputat Nazim Bəydəmirlinin səhhətində problemlər yarandığı bildirilir.
Bu barədə N.Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli məlumat verib. Onun sözlərinə görə, bu gün, fevralın 21-də N.Bəydəmirli ilə telefonla danışıb: "Dedi ki, özümü çox pis hiss edirəm, səhhətimdə problemlər yaranıb. Zatən Nazim həmişə noyabr ayında fizioterapiyaya başlayırdı, çünki onun bronxlarında problem var idi".
F.Bəydəmirli qeyd edib ki, fevralın 19-da həyat yoldaşını Penitensiar Xidmətin tibb məntəqəsinə gətiriblər: "Özü bunun üçün müraciət etmədiyini dedi. Nazimi rentgen ediblər, qan təzyiqini ölçüblər. Qan təzyiqi çox yüksək olub, halbuki heç vaxt onun qan təzyiqi olmayıb. Bir də laboratoriya analizini məsləhət görüblər, Nazim razı olmayıb".
İşadamının həyat yoldaşı vurğulayıb ki, o öz inandığı həkimlərin saxlandığı təcridxanaya gəlməsini istəyir: "Bunun üçün rəsmi müraciət edəcəyik".
Bu deyilənlərə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.
N.Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq saxlanıb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Bəydəmirli ittihamı rədd edib, onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb. Müdafiə tərəfinin bildirməsinə görə, N.Bəydəmirli hesab edir ki, o, ekologiya məhbusudur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür. Sentyabrın 1-də Bəydəmirliyə qarşı CM-in 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə daha bir ittiham irəli sürülüb. O, bu ittihamı da qəbul etmir.
Onun həbs müddəti məhkəməyə qədər bir neçə dəfə artırılıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Ötən il iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü sakinləri "Gədəbəy" qızıl yatağından çirkab suları üçün ikinci süni gölün qurulmasına ekoloji tələblərlə etiraz ediblər. Polis etirazlara gözyaşardıcı qazdan istifadə olunmaqla müdaxilə edib, saxlananlar, həbs edilənlər olub (onların dəqiq sayı rəsmi açıqlanmır).
İyulun 11-də prezident İlham Əliyev hökumətin iclasında Söyüdlüdəki etirazlardan danışarkən vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb. Bu çıxışdan iki gün sonra Söyüdlüdə qızıl yatağının istismarının müvəqqəti dayandırıldığı açıqlanıb.
Rəsmi monitorinqlərin nəticələrinə görə, ərazidə su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb. Bununla belə, ötən il sentyabrın 26-da mədənin mərhələlərlə fəaliyyətə başlaması məqbul sayılıb.