Nazim Bəydəmirli saxlanma şəraitindən narazıdır

Nazim Bəydəmirli

Həbsdə olan iqtisadçı və keçmiş deputat Nazim Bəydəmirli saxlanma şəraitindən narazıdır. Bu barədə onun yoldaşı Fəridə Bəydəmirli məlumat verib. Onun sözlərinə görə, iqtisadçını 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər və bu barədə yaxınlarına heç bir məlumat verməyiblər: "Ötən cümə günü, dekabrın 20-də Nazim əvvəlcə zəng etməyib deyə (qanunvericiliyin verdiyi imkandan yararlanmayıb), 1 saylı İstintaq Təcridxanasına zəng vurdum. Mənə hər şeyin qaydasında olduğunu dedilər. Amma üstündən bir neçə saat keçdi, Nazim zəng vuraraq artıq 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü dedi".

F.Bəydəmirlinin sözlərinə görə, dekabrın 24-də yoldaşı ilə görüşüb: "Karantindədir, amma görüşümüzə şərait yaradıblar. Nazim mənə dedi ki, saxlandığı şərait bərbaddır. Üstəlik də, hazırda 20 məhkumla bir otaqda saxlanılır. Onların hamısı da müxtəlif ittihamlarla 20-25 il müddətinə həbs olunmuş adamlardır".

İqtisadçının yoldaşı onun səhhətində hələ də ciddi problemlərin olduğunu qeyd edib: "Keçən ildən bu günə qədər Nazimin səhhətində yaranmış xəstəlikləri müalicə etmək üçün heç bir ciddi addım atılmayıb və ürəyində yaranmış problem qalır. Nazimi bu şəraitdə saxlamaq onu ölümə tərk etməkdir. Mən Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova müraciət edirəm: Nazim bəyin başqa cəzaçəkmə müəssisəsinə köçürülməsinə göstəriş verməyinizi xahiş edirəm".

Xanımın bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Bundan əvvəl də keçmiş deputatın yaxınları onun səhhəti ilə bağlı narahatlıqlarını ifadə etmişdilər.

N.Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin 182.2.4-cü (əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb etmə) maddəsi ilə saxlanıb. Ertəsi gün onun haqqında həbs-qətimkan tədbiri seçilib. Bəydəmirli ittihamı rədd edərək onu uydurma adlandırıb.

Həmin il sentyabrın 1-də Bəydəmirliyə qarşı daha bir ittiham irəli sürülüb - Cinayət Məcəlləsinin 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə. O, bu ittihamı da qəbul etməyib.

Bu il sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib. Dekabrın 11-də apellyasiya məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Xatırlatma

61 yaşlı N.Bəydəmirli 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. Keçmiş deputatın sözlərinə görə, ötən ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazları ilə əlaqədar kimisə qurban vermək lazım idi, onu seçiblər. Bu üzdən özünü "ekologiya məhbusu" adlandırır.

2023-cü ilin iyununda Söyüdlü sakinləri kənddəki qızıl zavodundan axan su vasitəsilə gölün zəhərlənməsi və bunun da əhaliyə mənfi təsirinə etiraz edirdi.

N.Bəydəmirli elə Gədəbəy rayonundan deputat olub.