Nazir BMT Baş katibi ilə görüşüb

Elmar Məmmədyarov, arxiv foto

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov sentyabrın 27-də BMT-nin Baş Katibi Antonio Quterreş ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazriliyinin (XİN) yaydığı məlumatda bildirilir.

Məlumata görə, görüş BMT Baş Assambleyasının ABŞ-ın Nyu-York şəhərində keçirilən 74-cü sessiyası çərçivəsində baş tutub.

XİN bildirir ki, E.Məmmədyarov BMT Baş katibini bu il oktyabrın 25-i və 26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Zirvə görüşünə dəvət edib.

Nazirliyin açıqlamasına görə, E. Məmmədyarov Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan tənzimləmə prosesinin cari vəziyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu Yorkda onun ermənistanlı həmkarı ilə bu həftə keçirilən görüşü barədə Baş katibə də məlumat verib.

Məlumatda vurğulandığına görə, E.Məmmədyarov qeyd edib ki, münaqişənin həlli üçün Azərbaycanın işğal edilmiş torpaqlarının boşaldılması, didərgin salınmış yüz minlərlə məcburi köçkünlərin öz evlərinə geri qayıtması zəruridir.

Məluata görə, görüşdə tərəflər, həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi apardılar.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılığına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsdərlərdir.