Nazirinə şeir yazdı, nazirdən töhmət qazandı...

Vaqif Bəhmənli

Mədəniyyət və Turizm Nazirliyi bildirir ki, şair Vaqif Bəhmənliyə töhmət verilib. Səbəb də həm də bu nazirlikdə məmur kimi çalışan şairin naiziri tərifləyən şeiridir. (Töhmətə səbəb olan şeiri aşağıda oxu)​

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi oktyabrın 28-də yaydığı məlumatda deyilir ki, "525-ci qəzet"in 17 oktyabr 2015-ci il tarixli sayında Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri şair Vaqif Quliyevin (Bəhmənli) şeirləri dərc edilib. Həmin şeirlərdən biri "Hamiya yaxşılıq" adlı şeir mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə həsr olunub. Şeir qəzetdə dərc edildikdən sonra müxtəlif saytlarda və sosial şəbəkələrdə geniş müzakirə edilib və şeirə ictimaiyyət tərəfindən müxtəlif münasibət bildirilib.

Buna da bax: Kim kimi harda necə öpdü?

Məlumatda vurğulanır ki, bu şeir təxminən 5-6 ay əvvəl Vaqif Quliyev tərəfindən yazılıb və görüşlərin birində nazirə göstərilib. Ancaq nazir Əbülfəs Qarayev şeirdə işlənən ifadələrdən o qədər də razı qalmayıb, edilən təriflərə öz iradını bildirib və bu şeirin bir daha üzə çıxarılmamasını və heç bir yerdə dərc edilməməsini istəyib.

Hadisənin üstündən xeyli müddət keçdikdən sonra Vaqif Quliyevin 60 illik yubileyi ərəfəsində şairin şeirlər toplusu ilə birlikdə bu şeir də kitaba salınıb və təkrar müzakirələrə, bəzən qərəzli və emosional münasibətlərə səbəb olub.

Bu hadisə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən pislənilib, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidlə əlaqə yaradılaraq bu üslubda şeirin qəzetdə dərc olunmasına dair irad bildirilib.

Nazirlik bu faktı dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun gəlməyən hal kimi dəyərləndirib və Nazirliyin əməkdaşının rəhbər şəxsə qarşı öz fikirlərini bu formada - yaradılcılıq nümunəsi kimi bildirməsi yolverilməz hal kimi qəbul edilib.

Məlumatda bildirilir ki, nazirlik Vaqif Quliyevin dövlət qulluqçusu kimi öz vəzifəsinə uyğun gəlməyən yaradıcılıq nümunəsini çap etdirməsini pisləyib və ona hadisənin bir daha təkrarlanmaması tapşırılıb.

Mədəniyyət və Turizm Nazirinin 28 oktyabr 2015-ci il tarixli əmri ilə Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyevə töhmət elan olunub.

Hələlik şair Vaqif Bəhmənlinin özünün nazirin qərarına hər hansı reaksiyası məlum deyil.

Buna da bax: «Şahdəniz-2»nin işçiləri etiraza qalxdı

Naziri qəzəbləndirən şeiri aşağıda oxuyun:

Hamiya yaxşılıq

Əbülfəs müəllim, dilinə qurban,
Tamam düz deyirsən,
dediyin haqdı –
Yaxşılıq yolunda can qoymusan, can,
Nə ki yamanlıq var, səndən uzaqdı.
Qəlbini bir dəfə boşaldıb ildə,
hətta dil tapırsan iblis adamla.
Bülbültək ötürsən beş-altı dildə,
Pisliyin dilini bilmirsən amma.
Alova yaxşılıq…
hisə yaxşılıq…
Lap yansın çırağı qara evlərin.
Yaxşıya yaxşılıq,
pisə yaxşılıq –
Həyat tərzi budur Qarayevlərin.
Əclaf da, paxıl da unudur kini –
Nadan fikrə gedir qanmayanda da.
Üzü işıqlanır, adam sevinir
Qardaş, sən adamı danlayanda da.
Müsbət rəy…
hər kəsin ərizəsinə –
Nizamülmülk kimi yaxşı vəzirsən.
Qalxırsan dirinin lap zirvəsinə
Ölünün içində həyat gəzirsən.
Son hesab xaliqin həddinə yetsə;
dua var dəryanın
yaş balığında.
Lap bir gün
Allah da ziddinə getsə
Yenə usanmazsan yaxşılığından.
Çürük kötükdə də pöhrə gücü var,
Yaxşılıq suyuna çək iyrəncləri.
Atan əvəzidi bütün qocalar,
balantək sevirsən bütün gəncləri.
Bəlkə
sənə görə açılır səhər?
Harda varsan, orda
xeyir dolaşır.
Düşəndə axşamlar,
qarışanda şər
Qanadın altına xeyir doluşur.
Qalaça tikirsən daş qalağından –
Adam çox…
hamıya bu vərdiş gəlmir.
Qardaş, bir an qalma yaxşılığından,
Onsuz da əlindən yaman iş gəlmir!…