Nazirlər Kabineti, gec də olsa, siyahını təsdiqlədi

Nazirlər Kabineti

İdxalı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilən kağız və çap məhsullarının siyahısını Nazirlər Kabineti təsdiqləyib.

Bu barədə mayın 13-də Nazirlər Kabinetindən məlumat verilib. Məlumata görə, idxalı, satışı ƏDV-dən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitablar, dərslik və həmin malların nəşri ilə bağlı rulon, yaxud vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.

Bu il yanvarın 1-dən Azərbaycanda kitablar və kağızlar 18 faiz ƏDV azad edilmişdi. Bununla bağlı Vergi Məcəlləsinin 164.1.7-ci və 164.1.8-ci (Vergi ödəməkdən azad edilmə) maddələri yeni redaksiyada təsbit edilib.

Prezidentin 2021-ci il dekabrın 29-da imzaladığı fərmanda Nazirlər Kabinetinə üç aya həmin məcəlləyə uyğun olaraq, kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin siyahısını təsdiq etmək tapşırılmışdı. Lakin dörd aydan çox keçməsinə baxmayaraq, sözügedən siyahı təsdiq edilmirdi. İş adamlarının şikayətlərinə görə, Vergi Xidməti və Gömrük Komitəsində "yeni təlimat yoxdur" deməklə həm kitab satışı, istehsalından, həm də xaricdən gətirilən kağız məmulatlarından vergi tutulurdu.

Bu ilin əvvəlindən Azərbaycanda kağızın az qala iki dəfə bahalaşdığı bildirilir. Buna səbəb kimi Rusiyanın Ukraynaya təcavüzü və bununla bağlı Rusiyaya sanksiyalar göstərilir.