Nazirlik karxana sahiblərinə vaxt qoyub

Bakı, daş karxanası, 1 sentyabr 2014

Bu gün, sentyabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi-ndə (ETSN) Abşeron yarımadasında fəaliyyət göstərən daş karxanalarının sahibkarları və istismarçılarının nümayəndələri ilə görüş keçirilib.

Buna da bax: 250 karxananın fəaliyyəti dayandırılıb

Bu barədə ETSN məlumat yayıb.

Məlumatda bildirilir ki, əksər karxana istismarçılarında yerin təkindən istifadədən ötrü torpaq ayırmaya dair sərəncamların, geoloji və ekoloji sənədlərin olmadığı diqqətə çatdırılıb. Habelə, onlara istismarı başa çatmış sahələrdə rekultivasiya işlərinin aparılmadığı, yataq ayırma hüdudundan kənara çıxıldığı, istismar zamanı norma və qaydalara riayət olunmadığı bildirilib.
“Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb və irəli sürülən qanuni tələblər anlayışla qarşılanıb. Karxanaların istismarı zamanı mövcud olan nöqsanların aradan qaldırılması və tələb olunan sənədlərin tam qaydaya salınması üçün karxana sahiblərinə 45 gün vaxt verilib”, məlumatda vurğulanır.

Hələlik, bu açıqlama karxana sahiblərindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma

Əmlak Məsələləri Dövlət Komitəsi bu ilin əvvəlində ölkədə 585 karxananın mövcud olduğunu açıqlamışdı.

«Aparılmış təhlillər və monitorinqlər nəticəsində 250 belə karxananın torpaq qanunvericiliyinin tələblərinin pozulması halları əsasında fəaliyyət göstərdiyi müəyyən edilib. Qanunsuz fəaliyyət göstərən bu karxanaların fəaliyyəti dayandırılıb. Hazırda 238 daş, qum, çınqıl karxanaları fəaliyyət göstərir. Ondan 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir», deyə komitə bildimişdi.