'Nazirliyin qoyduğu bloklar yetərli deyil'

Bloklama

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin toplantısında internetə nəzarət mexanizminin vacibliyindən danışıb. Onun sözlərinə görə, internetdəki zərərli informasiyalar uşaqların psixikasını pozur, onlarda zərərli vərdişlər yaradır. Deputat hesab edir ki, uşaqları qorumaq üçün nəzarət mexanizmləri olmalıdır.

«İnformasiya, söz azadlığı olsun, amma ona nəzarət mexanizmi də olmalıdır», – R.Hüseynov bildirir.

«Bu sahədə uşaqları qorumağa yetəcək qədər süzgəc yoxdur»

Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, deputat «internetdə nəzarət mexanizmi olmalıdır» deyəndə sırf məktəbyaşlı uşaqların zərərli vərdişlərdən qorunmasını istəyir.

«Bu da yeni bir şey deyil. Dünyanın bir çox yerində məktəbyaşlı uşaqların internetdən istifadəsi ilə bağlı qaydalar mövcuddur. «Ailə filtrləri» var, provayder özü bunu tənzimləyir, eləcə də məktəblərin özləri filtrli proqramlar qəbul edir. Azərbaycanda da Təhsil Nazirliyi bir neçə ildir məktəblərdə filtrli proqramlardan istifadə edir. Ola bilsin, Rafael Hüseynov bundan məlumatsızdır. Azərbaycanda məktəb internetlərində zərərli məlumata çıxış yoxdur», – Ə.Məmmədli söyləyir.

Ə.Məmmədli

Bununla belə, hüquqşünas uşaqları məktəb hüdudlarından kənarda internetdə zərərli məlumatlardan qorumağın çətin olduğunu düşünür. Burda artıq özünütənzimləmə mexanizminin işə düşdüyünü, valideynlərin nəzarət etməli olduğunu deyir: «Valideynlərə tövsiyə olunur ki, internet ümumi otaqlarda olsun, kompüterlər hər kəsin görə biləcəyi formada olsun. Valideyn nəzarəti altında internetdən istifadə edilsin».

Ə.Məmmədli sadaladıqlarının xaricində internetə nəzarəti mümkün və doğru saymır.

Hüquqşünas Xalid Ağaliyev isə fərqli fikirdədir. O, qanunun tələblərinin əksər hallarda kağız üzərində qaldığı qənaətindədir.

Sizin brauzer HTML5-i dəstəkləmir

TV-lərin məşhur Azərbaycan filmlərindən kəsib çıxardığı kadrlar

«Azərbaycanda qanunvericilik uşaqların kağız üzərində internetdə pornoqrafiyadan, zorakılıqdan, şiddətdən qorunmasını ümumi şəkildə müəyyən edir. Amma bunun tətbiqi ilə bağlı danışmaq olmur. Düzdür, bir qədər əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dünyada çox məşhur olan pornoqrafiya, zorakılıq yayan saytları bloklayıb. Amma nazirliyin qoyduğu bloklar yetərli deyil. Çünki populyar olmayan saytlar da var, özü də yüzlərlə, minlərlə belə resurslar var və rahatca internet klublarda və ya evdə ora daxil olmaq imkanı qalır. Bu sahədə uşaqları qorumağa yetəcək qədər süzgəc yoxdur. Məsələn, siyasi məzmuna olan diqqət uşaqların ziyanlı informasiyalara çıxışdan qorunması qədər yetərli deyil. Baxmayaraq ki, qanunvericilikdə belə mexanizmlərin yaradılmasının vacibliyi ortaya qoyulub», – hüquqşünas deyir.

X.Ağaliyev

«Yüz min və ya bir milyon xəbər resursu olan sayt bircə xəbərə görə bloklanır»

O ki qaldı deputatın «İnformasiya, söz azadlığı olsun, amma ona nəzarət mexanizmi də olmalıdır» fikrinə, X.Ağaliyev ümumən internetdə əlavə nəzarət mexanizmlərinə ehtiyac olmadığını bildirir. O, Azərbaycanda internetə həm hüquqi, həm də texniki nəzarət mexanizmlərinin olduğunu deyir: «Ölkə qanunvericiliyində internet, internetdəki məzmun kütləvi informasiya vasitəsi kimi qəbul edilir. Heç bir məhkəmə qərarı olmadan istənilən internet resursunu bloklamaq mümkündür. Hazırda xeyli sayt var ki, ya davamlı olaraq, ya da müxtəlif aralıqlarla bloklanmaya məruz qalıblar. Qanunvericilik imkan verir ki, yüz min və ya bir milyon xəbər resursu olan sayt bircə xəbərə görə bloklansın. Bu, Azərbaycanda hüquqi qüvvəyə malik Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsinə tamamilə ziddir. Bizim qonşu ölkələrdə, məsələn, Türkiyədə ya da elə Avropa ölkələrinin əksəriyyətində konkret bir xəbərin, bir linkin blok edilməsi təcrübəsi var. Amma bizdə çox geniş məhdudiyyətlər tətbiq edilir».

Hüquqşünas daha bir məqama toxunur. O, bir neçə il qabaq KİV haqda qanunda dəyişiklik edilərək internet resurslarında, sosial şəbəkələrdə böhtana və təhqirə görə cinayət məsuliyyətinin nəzərdə tutulduğunu xatırladır.

X.Ağaliyev bu sahədə kifayət qədər sərt tənzimləmə mövcud olduğundan, deputatın söylədiyi kimi, yeni nəzarət mexanizmlərinə ehtiyac duymur, əksinə, bu tənzimləmənin yumşaldılmasını zəruri sayır.