Fevralın 22-də Albaniya Rusiya mənşəli olmasından şübhələndiyi 22 min 500 ton nefti müsadirə edib. "Reuters"in məlumatına görə, Albaniya polisi Qərb embarqosunu pozan tankerin heyətini də həbs edib.
Liberiya qeydiyyatında olan neft və kimyəvi məhsullar tankeri Durres limanında saxlanıb.
Buna da bax: Təmiz Rusiya neftinə embarqo var, qarışığına yox"Təhqiqatın ilkin mərhələlərinə görə, neftin embarqo altında olan ölkələrdən, xüsusilə Rusiyadan gəldiyi şübhəli bilinir", – polis bəyanatında bildirib.
"Tanker Azərbaycandan çıxıb və güman ki, Yunanıstanın Kalamata limanında başqa bir tankerdən 22.5 min ton dizel yanacağı ilə doldurulub", – məlumatda deyilir.
AzadlıqRadiosunun məsələ ilə bağlı rəsmi qurumlardan münasibət almaq cəhdləri nəticə verməyib.
SOCAR-dan Musavat.com-a onlarda məsələ ilə bağlı məlumat olmadığını bildirilib. Xəzər Gəmiçiliyi (ASCO) QSC-dən isə deyilib ki, Albaniyada saxlanan tanker onlara məxsus deyil. Azərbaycanda bu iki qurumun tanker donanması olduğu qeyd edilir.
"Report" isə neft sahəsindəki mənbələrə istinadla məlumatın həqiqəti əks etdirmədiyini yazıb.
Buna da bax: ABŞ Ukraynaya daha 2 milyard dollarlıq hərbi yardım elan edibSanksiyalar
Rusiya ötən il Ukraynaya irimiqyaslı hücuma başlayanda Albaniya Moskvaya sanksiyalar açıqlayan ilk ölkələrdən olub.
Albaniya polisi bildirir ki, "Embarqo" kod adı ilə keçirilən əməliyyatda 22 heyət üzvünün hamısı təhqiqat məqsədilə saxlanıb.
Fevralın 10-da İspaniyanın şimal-şərqi Tarraqona limanı Sinqapur bayraqlı "Maersk Magellan" gəmisinə giriş verməyib. Səbəb də o göstərilib ki, onun neft məhsullarından ibarət yükünü daha öncə Rusiya bayrağı ilə üzmüş gəmi daşıyıb.
“Maritime Executive” portalı yazır ki, ötən il Rusiyaya sanksiyalar tətbiq olunandan Kalamata Rusiya neftinin gəmidən-gəmiyə transferi üçün haba çevrilib. Polis “Grace Felix” gəmisinin yükünün Rusiyadan göndərilməsindən şübhələnir. Müfəttişlər gəmidə yükün sənədlərini tapa bilməyiblər.
Rusiya yanacağını transfer edən digər tankerin adı açıqlanmır.