Büdcədə neftin qiyməti 70 faiz artırılır

Sizin brauzer HTML5-i dəstəkləmir

Hökumət dövlət büdcəsinin Neft Fondundan asılılığına son qoya bilmir

Azərbaycan hökuməti 2022-ci ilin dövlət büdcəsində neftin qiymətini artırmağa hazırlaşır.

Hazırda qüvvədə olan büdcə haqqında qanunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dollarından götürülüb. Bu rəqəmin 35 dollar artırılaraq 85 dollara çatdırılması nəzərdə tutulur. Hazırda bununla bağlı layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə edilir.

Layihədə büdcənin gəlir və xərclərinin də artırılması nəzərdə tutulur. Mövcud sənəddə gəlirlər 26 mlrd. 816 mln. manat, xərcləri isə 29 mlrd. 879 mln. manat proqnozlaşdırılıb. Müzakirəyə çıxarılan layihədə isə gəlirlər 29 mlrd. 198 mln. manat, xərclər 32 mlrd. 304 mln. manat müəyyən edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili müzakirələr zamanı deyib ki, bu ilin beş ayında Azərbaycan neftinin orta ixrac qiyməti bir barelə görə 106.3 dollar təşkil edib.

Hazırda Azərbaycan neftinin bir bareli 120 dollardan yüksəkdir.