Dünya bazarlarında neftin qiyməti düşməyə başlayıb. İndi Brent markalı neftin bir barreli 60 dollardan aşağı satılır.
Azərbaycanın gələnilki dövlət büdcəsində isə neftin bir barrelinin qiyməti 60 dollardan götürülüb.
Beləliklə, sual yaranır ki, neft ucuzlaşmaqda davam etsə, büdcə gəlirləri azalacaq və o zaman əsasən neft gəlirlərindən asılı iqtisadiyyatın taleyi necə olacaq?
Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu təklifinə görə, nə qədər ki, büdcə təsdiqlənməyib, neftin qiyməti dəyişdirilsin, indiki kimi 60 dollar deyil, daha aşağı götürülsün.
“Fikrimcə, növbəti ilin büdcəsi üçün adekvat qiymət 40 dollar götürülməlidir. Hətta qiymət o səviyyədə ucuzlaşmasa da xarici şoklardan sığortalanmaq üçün büdcədə neftin qiyməti aşağı salınmalıdır. Neftin qiymətinin ucuzlaşması icmal büdcənin gəlirlərinə də təsirsiz ötüşmür. Odur ki, Dövlət Neft Fondunun büdcə gəlirlərinin aşağı salınmalı və icmal büdcənin bu mənbədən gəlirinə də düzəliş olunmalıdır”.
ABŞ-ın nüfuzlu JP Morgan bankı da artıq Brent neftinin qiymətinin düşməsi ilə bağlı gələnilki proqnozuna dəyişiklik edib: qiyməti bir barrel üçün 83,5 dollardan 73 dollara salıb. Dünya neftin qiyməti ilə bağlı tərəddüdlüdür, bəs Milli Məclisdə nə düşünürlər? Gələn ilin dövlət büdcəsində neftin qiyməti aşağı salına bilərmi?
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Şəmsəddin Hacıyev AzadlıqRadiosuna deyib ki, büdcə artıb tərtib olunub və 1-ci oxunuşdan keçib, onun yenidən tərtib olunmasına ehtiyac yoxdur, amma bununla belə Şəmsəddin Hacıyev də deyir ki, hazırkı 60 dollar bir az risklidir:
“Mən komitənin son iclasında bu məsələni qaldırmışam. Bir az risklidir, amma nəzərə almaq lazımdır ki, 2019-cu ildə büdcə gəlirlərinin formalaşmasında neftin qiymətinin qalxıb-düşməsinin bir o qədər də əhəmiyyəti olmayacaq. Büdcə artıq tərtib olunub. Bundan sonra büdcəyə baxılmasına, yəqin, ehtiyac olmayacaq. Amma hər halda hökumət bilməlidir ki, bu risklidir. Büdcədə neftin qiyməti bir az aşağı salınsa yaxşı olardı”.
Neftin bir barreli bu ilin okyabrında, son dörd ildə ən yüksək həddinə - 85 dollara çatmışdı.
Reuters agentliyi neftin bu ay kəskin ucuzlaşmasını İranla gərginliyin artması və neft istehsal edən ölkələrin təşkilatı olan OPEC -in təchizatı azaltması ilə izah edir.
Dollar da bahalaşır
İqtisadi təhlilçi Natiq Cəfərli neftin ucuzlaşmasına təsir edən başqa amilləri sadalayır:
“Həm Səudiyyə Ərəbistanda, həm Rusiyada, həm də ABŞ-da neft hasilatının kəskin artması müşahidə olunur. İqtisadi amillər önə çıxmağa başladı. Bununla paralel dolların da güclənməsi baş verir. Dollar indeksi təqribən iki punkt güclənib, bu da neftin qiymətinə mənfi təsir göstərir. Çünki dolların bahalaşması adətən neftin qiymətini ucuzlaşdıran amildir”.
Natiq Cəfərli gözləyir ki, bu dəfə dövlət büdcəsi qəbul olunanda neftin qiyməti elə 60 dollardan götürələcək, amma neft ucuzlaşmaqda davam etsə, o zaman mayda büdcəyə yenidən baxılarkən, neftin qiyməti büdcədə aşağı salına bilər.
Natiq Cəfərli hesab edir ki, önəmli olan neftdən asılılığı azaltmaq, qeyti-neft sektorunun inkişafına nail olmaqdır ki, belə təlatümlər yaşananda, dövlət büdcəsi riksə düşməsin.
AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:
Sizin brauzer HTML5-i dəstəkləmir
Neftin qiyməti sonuncu dəfə, 2014-cü ilin sonunda ucuzlaşandan sonra manat ABŞ dolları ilə müqayisədə iki dəfəyə qədər dəyər itirmiş, bəzi iş yerləri bağlanmış, iqtisadi aktivlik azalmışdı. Bu ilin əvvəlindən, neftin qiyməti tədricən qalxmağa başladığından ölkədə nisbi fəallıq müşahidə olunur.