Bu il martın 5-də Bakıda Neft Emalı Zavodunda baş verən yanğın ilə bağlı saxlanan var.
Bu barədə bu gün, martın 13-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
Məlumatda bildirilir ki, zavodun N-21/1 saylı nasos sisteminin iş planına uyğun təmirə hazırlanması prosesində təhlükəsizlik qaydalarına əməl edilməyib: "Növbə qəbulu zamanı nasosda mazut axınının davam etməsi barədə birbaşa xəbərdaredici yazılı məlumat verilməsinə baxmayaraq, 4-5 mart 2025-ci il tarixlərində olan növbə heyəti qurğunu təmirə tam hazır vəziyyətə gətirmədən və borunun ağır dizel fraksiyası ilə təmizlənərək boş olmasını təmin etmədən təmir-bərpa qrupuna təhvil verib".
Rəsmi açıqlamaya görə, nəticədə nasos avadanlığı ümumi qurğudan təmir məqsədilə ayrılarkən tezalışan mazut kütləsi borudan təzyiq altında sızıb alovlanaraq geniş ərazini əhatə edən yanğın yaradıb.
Növbə heyəti rəhbəri, baş operator Sadiq Qarayev saxlanılaraq Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarının pozulması) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.
Hələlik, bu açıqlamaya saxlanan şəxsin özü və yaxınlarının münasibəti bəlli deyil. Həmin ittihamla ona 6 ilə qədər həbs cəzası verilə bilər.
5 mart
Neft Emalı Zavodunun ərazisində yanğın
"Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb". Bu barədə saat 11:48-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğının səbəbi və tələfat barədə, hələlik, məlumat verilməyib.
+++
Bu gün, martın 5-i səhər saatlarında Bakıda Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
"Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir", - məlumatda bildirilir.
Neft Emalı Zavodu (NEZ) 15 növ məhsul istehsal edir. Bu məhsullar, əsasən, benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu və mazutdur.
1953-cü ildə inşa edilən zavodda bir neçə dəfə yenidənqurma işləri aparılıb.
Bugünlərdə Milli Məclisdə müzakirələr zamanı Nazirlər Kabinetinin nümayəndəsi bildirmişdi ki, Neft Emalı Zavodunun Bakıdan köçürülməsi məsələsinə baxılır. Halbuki, son 10 ildə zavodda modernizasiya işləri aparılmasından bəhs edilib.
İndi bəzi enerji ekspertləri sual edirdilər ki, əgər zavodda ciddi yenidənqurma işləri aparılıbsa, onun Bakıdan köçürülməsi nədən gündəmə gəlir?
Hələlik, rəsmilərdən bu suala cavab almaq mümkün olmayıb. Üstəlik, onlar son 10 ildə modernizasiya işlərinə nə qədər vəsait xərcləndiyini də açıqlamayıblar.