Neft, qaz, buğdanın qiyməti rekord vurur

Arxiv fotosu

Avropada qazın min kubmetrinin qiyməti 3 min dolları keçib

Bu gün – martın 7-də dünya birjalarında xammalın qiyməti kəskin artıb. Bunun əsas səbəbi Rusiyanın Ukraynaya silahlı təcavüzüdür. Hücuma görə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar da təsirini göstərir.

Avropada qazın 1000 kubmetrinin qiyməti 3 min dolları keçib. Bu, tarixi rekorddur. Gün ərzində ICE birjasında apreldə çatdırmaq şərti ilə qaz fyuçersləri 1.5 dəfəyədək bahalanıb.

Neft də bahalanır. "Brent" markalı neftin bareli 130 dollara çatıb. Bu, son illərin maksimum həddidir. ABŞ-ın Rusiyadan neft idxalını dayandırmağı müzakirə etməsi də qiyməti artırır.

Alüminium, mis və palladiumun qiyməti tarixi maksimuma çatıb. Rusiya bu metalların aparıcı ixracatçılarındadır. Buğdanın da qiyməti artır.

Bu gün Moskva birjası bağlanıb. Beynəlxalq ticarətdə 1 dollar 138 rubl olub. Ukraynaya müharibə başlamazdan 1 dollar 80 rubla yaxın idi.