Neft hasilatı azalıb, qaz artıb

"Şahdəniz"

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə göstəricilər artır, müqavilələrlə bağlı isə aşağı düşür.

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə göstəricilər artır, müqavilələrlə bağlı isə aşağı düşür.

Nazirlikdən bildirib ki, 2021-ci ilin yanvar - iyul aylarında ölkədə neft hasilatı 20.1 milyon ton (kondensat nəzərə alınmaqla) təşkil edib. 2020-ci ilin eyni dövründə bu, 20.5 milyon ton olub. Qaz hasilatının isə 24.1 milyard kubmetr (ötən ilin yanvar-iyulunda 22.3 milyard kubmetr) olduğu qeyd edilib.

Bu ilin yanvar-iyul aylarında BP şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 13.3 milyon ton neft (2020-ci ilin eyni dövründə 14 milyon ton), "Şahdəniz" yatağından isə 2.2 milyon ton kondensat (ötən ilin eyni dövründə olduğu kimi) hasil edib.

SOCAR üzrə hasilat 4.6 milyon tonadək artıb (2020-ci ilin 7 ayında 4.3 milyon ton).

Sizin brauzer HTML5-i dəstəkləmir

Neft elə azalıb ki... Daha bahalaşanda da büdcə dolmur

İxrac…

Rəsmi açıqlamaya görə, bu ilin yanvar-iyul aylarında Azərbaycandan neft ixracı (kondensatla birlikdə) 16.4 milyon ton olub. Ötən ilin eyni dövründə həmin rəqəmin 16.9 milyon tona bərabər olduğu açıqlanmışdı.

Qaz ixracı Avropaya "Cənub qaz dəhlizi" ilə 4 milyard kubmetr qaz göndərilməsi hesabına artıb. Bu ilin yanvar - iyul aylarında Türkiyə Azərbaycandan 5.2 milyard kubmetr (2020-ci ilin eyni dövründə 6.3 milyard ), Gürcüstan isə 1.1 milyard kubmetr qaz alıb (ötən ilin yanvar-iyul aylarında 1.4 milyard kubmetr).

Hasil edilən qazdan 12 milyard kubmetri "Şahdəniz"dən (2020-ci ilin yanvar - iyul aylarında 11 milyard kubmetr), 7.5 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" yatağından (ötən ilin 7 ayında 7 milyard kubmetr) və 4.6 milyard kubmetri SOCAR-ın müqavilədənkənar yataqlarından (2020-ci ilin yanvar-iyul aylarında 4.3 milyard kubmetr) hasil edilib.

Bu ümumi həcmdən dünya bazarlarına 10.4 milyard kubmetr qaz (keçən ilin analoji dövründə 7.7 milyard kubmetr ) ixrac edilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Neft pulu azalanda olimpiadadan qızıl medal da gəlmir...

24 ilin göstəriciləri

Nazirlik "Azəri-Çıraq-Günəşli" blokundan və "Şahdəniz" yatağından onların işlənməsinə başlanıldığı vaxtdan 2021-ci il avqustun 1-nə kimi istehsal göstəricilərini də açıqlayıb. Bildirilib ki, ümumilikdə 569 milyon ton neft (kondensatla birlikdə), o cümlədən "Azəri-Çıraq-Günəşli" blokundan 537 milyon ton neft, "Şahdəniz" yatağından 32 milyon ton kondensat hasil edilib.

Həmin tarixə Azərbaycan "Azəri-Çıraq-Günəşli" blokundan və "Şahdəniz" yatağından 569 milyon ton neft (kondensatla birlikdə) ixrac edib.

Bundan əlavə, 2021-ci ilin 7 ayı Azərbaycanda 3.9 milyon ton neft emal edilib (artım 7 faiz). "Azəri-Çıraq-Günəşli" blokundan neft və səmt qazının hasilatına 1997-ci ilin noyabrından başlanılıb. 2021-ci ilin yanvar - iyul aylarında Bakının neft emalı zavodlarında SOCAR-ın 3.9 milyon ton nefti emal edilib (2020-ci ilin müvafiq dövründə 3.5 milyon ton olub)

Verilən məlumata görə, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) bu il avqustun 1-də 152 milyard 308 milyon ABŞ dolları təşkil edib.

"Şahdəniz" yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) də 3 milyard 738 milyon ABŞ dolları olub.

Azərbaycanda neft və qazın satışından əldə edilən pul, əsasən, Neft Fonduna toplanır.

Bu il iyulun 1-nə olan məlumata görə, Azərbaycan Dövlət Neft Fondunun aktivləri 44 milyard 104.9 milyon ABŞ dollar təşkil edib. Fonda toplanan vəsaitlərin böyük bir hissəsinin müxtəlif layihələrə xərcləndiyi və dövlət büdcəsinə transfert olunduğu açıqlanıb.