İran üzərinə sanksiyalar yaxınlaşır, amma neft ucuzlaşır

Neft qiymətləri son altı ayda ən aşağı həddinə enib. Bloomberg yazır ki, bu, bir tərəfdən ABŞ-ın neft ixracının artması, digər tərəfdən isə Amerikanın Tehran üzərinə sanksiyaları bərpa etməsilə bu ölkənin ixracının Trump-ın dediyi kimi sıfra enməsi ehtimalının azalması ilə bağlıdır.

Nyu York birjasında neftin fyuçers qiymətləri 3.4 faiz azalıb. Bu azalma təkcə oktyabrın 31-də 1.3 faiz olub.

Oktyabr ayında OPEC ölkələrində hasilat 2016-cı ildən bəri ən yüksək həddinə çatıb. Eyni zamanda Rusiyada hasilat post-sovet dövründəki səviyyəsinə yüksəlib.

Avqust ayında ABŞ hasilatda Rusiyanı keçib. Bu, ümumiyyətlə ABŞ tarixində Amerika neftinin ən böyük hasilatı olub.

Bununla yanaşı deyilənlərə görə Hindistanın və Cənubi Koreyanın İran neftini idxal etmək üçün ABŞ-dan icazə ala bilməsi də bazardakı İran neftinin tükənəcəyinə dair narahatlıqları bir qədər azaldıb.

CNBC yazır ki, oktyabrın 31-də Texas neftinin qiyməti 1.96 dollar və ya 3 faiz düşərək bir barrel üçün 63.35 dollar olub və bu aprelin 9-dan bəri ən aşağı qiymətdir.

Brent markasından olan neftin qiyməti noyabrın 1-də 2.40 dollar və ya 3.2 faiz azalaraq bir barrel üçün 72.58 dollar olub.

Hər iki markadan olan neft 2016-cı ilin iyulundan bəri bir ay ərzində ən sürətli ucuzlaşma yaşayıb.

Bütün bunlar elə bir vaxtda baş verir ki, İranın neft ixracı 70-75 faiz azalıb. İran sentyabr ərzində günə 1.7 ilə 1.9 milyon barrel arasında neft ixrac edirdi.

CNBC yazır ki, buna baxmayaraq neft bazarı hazırda çox güvənli görünür.

Təhlilçilər inanırlar ki, bazarda azalan İran neftinin yerini başqa mənbələrdən gələn xammal dolduracaq.

Bu arada Reuters bildirir ki, OPEC hasilatı 2016-cı ildən bəri ən yüksək həddinə çatdırıb.

Neft analitikləri bunu da bildirirlər ki, neftə təlabat proqnozlaşdırıldığından xeyli az olacaq.

Onların fikrincə ümumən neft qiymətlərinin dinamikası yavaşımağa başlayıb.