Aprelin 14-də neft qiymətləri birdən birə 10 faiz düşüb. Ekspertlər deyirlər ki, görünür, investorlar təchizat ixtisarlarının bazarı tezliklə tarazlaşdıracağından əmin deyillər.
ABŞ neftinin qiyməti 10.26 faiz azalaraq bir barrel üçün 20.11 dollar civarında qərarlaşıb.
Brent markalı neftin füçers qiyməti 2.14 dollar, yəni 6 faiz düşərək bir barrel üçün 29.80 dollar olub.
Qlobal neft ixracatçıları ötən həftə əldə olunmuş konsensusa görə hasilatı günə 19.5 milyon barrel və ya dünya təchizatının 20 faizi qədərində ixtisar etməlidirlər.
CNBC yazır ki, vədlərə baxmayaraq, ABŞ kimi yerlərdə hasilatı yalnız tədricən ixtisar etmək mümkün olacaq.
Bu il neft qiymətləri 50 faizdən artıq düşüb.
Nyu Yorkda mənzillənmiş WisdomTree Investments fondunun araşdırma direktoru Nitesh Shah deyib ki, aprel ayında neftə qlobal tələbatın gündə 15-22 milyon barrel azalacağının gözləndiyi bir vaxtda hasilatın azaldılması barədə razılaşmanın icrasına yalnız mayda başlanacaq.
Buna da bax: Neft bazarı nə vaxta özünə gələr– Qərb mediası
Vədə əməl etmək asan deyil
Belə görünür ki, hasilatın azaldılması əsasən OPEC+ kimi tanınan ölkələr qrupunun hesabına baş verməlidir. Bu qrup hasilatı may və iyun aylarında günə 9.7 milyon barrel azaltmağa boyun olub.
ABŞ, Kanada və başqalarının hasilat ixtisarına qoşulması yalnız qiymətlərin zəif olduğu təqdirdə, həm də tədricən baş verəcək.
Bunun nəticəsində və qlobal anbarların hələ də dolmaqda olmasına görə neft qiymətlərinin tezliklə dirçələcəyi gözlənilmir.
Rystad Energy analitik mərkəzindən Bjornar Tonhaugen bildirir ki, bu qədər tərəfləri olan razılaşmanın ən qəliz yönü logistikadır və o, ən azı may ayında hasilatın azaldılması vədlərinə yalnız 50 faiz əməl olunacağını gözləyir.