Vəli Qasımov «Neftçi» futbol klubunun baş məşqçisi postundan uzaqlaşdırılıb.
Bununla bağlı klubun Facebook səhifəsində məlumat yayılıb.
Bundan başqa, Elnur Məmmədov klubun icraçı direktoru vəzifəsindən azad edilib. Üstəlik, onun müavini Mübariz Xudiyev də vəzifəsindən kənarlaşdırılıb.
«İcraçı direktorun idman məsələləri üzrə müavini vəzifəsi klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilir. «Neftçi» PFK yuxarıda adları sadalanan şəxslərə klubdakı fəaliyyətinə görə təşəkkürünü bildirir və onlara gələcək karyeralarında uğurlar arzulayır»,-deyə açıqlamada qeyd edilir.
Klubun sentyabrın 10-da açıqladığı məlumatda isə baş məşqçi Vəli Qasımovun xəstələndiyi bildirilirdi: ««Neftçi» PFK-nın baş məşqçisi Vəli Qasımov cümə günündən (sentyabrın 9-u) şənbə gününə keçən gecə hipertonik kriz ilə xəstəxanaya yerləşdirilib. Hazırda məşqçinin vəziyyəti stabildir və həkim nəzarəti altında stasionar şəraitdə müalicəsini davam etdirir».
Buna da bax-'Neftçi'də gizli ödənişlər, qohumbazlıq ittihamları yağır
Topaz Premyer Liqasının sentyabrın 10-da keçirilən 4-cü turunda «Neftçi» klubu evdə «Qəbələ»yə 0:8 hesablı məğlub olmuşdu.
Bundan sonra klubun Müşahidə Şurasının növbədənkənar iclası keçirilmişdi
İclasda qəbul olunan qərarlara görə, «Neftçi»nin yeni mövsümdəki nəticələri və yaydakı transfer siyasəti qənaətbəxş sayılmamışdı. «Bu transferlərin reallaşdırılmasında rolu olan şəxslər ciddi şəkildə cəzalandırılacaq və tutduğu vəzifədən kənarlaşdırılacaq. «Neftçi» PFK-nın hazırkı əsas heyətində ciddi islahatlar aparılacaq. Əsas komandanın məşqçi heyəti və klubun inzibati heyəti dəyişdiriləcək. O cümlədən klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, mükafat və bonuslar ləğv ediləcək»-deyə məlumatda bildirilirdi.