Bakı şəhərində ümumi nəqliyyat vasitələri və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə, habelə nəzarət Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.
Bununla bağlı Prezident İlham Əliyev aprelin 19-da fərman imzalayıb.
Fərmana əsasən nazirliyin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması ilə yenidən təşkil ediləcək.
Prezident habelə Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında sərəncam imzalayıb. Şuraya rəqəmsal inkişaf və nəqliyyat naziri rəhbərlik edəcək.
Bakı Nəqliyyat Agentliyi 2015-ci ildə Nazirlər Kabineti yanında yaradılıb. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeçiliyinə verilib. Agentlik 2021-ci ilin oktyabrında publik hüquqi şəxsə çevirilmişdi.
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs də elə 2021-ci ilin oktyabrında yaradılıb.