İranda həbsdə olan insan haqları fəalı Nərgiz Məhəmmədinin yeniyetmə övladları dekabrın 10-da Osloda analarının adından Nobel Sülh mükafatını qəbul ediblər. Məhəmmədinin adından səsləndirilən çıxışda o, Tehrandakı "despotik" rejimi tənqid edir.
17 yaşlı əkizlər Əli və Kiana səkkiz ildir Fransada mühacirətdə qalırlar. Onlar analarının 2021-ci ildən bəri saxlandığı Tehrandakı Evin həbsxanasından gizli yolla göndərdiyi çıxışını oxuyublar.
Nobel Mükafat Komitəsi əkizlərin mükafatı qəbuletmə mərasiminin videosunu yayıb.
Dünyada "Qadın, həyat, azadlıq" hərəkatının qatı tərəfdarı kimi tanınan Məhəmmədi oktyabrın 6-da Nobel Sülh mükafatına layiq görülüb.
Nobel mükafatlarının dəyəri 11 milyon İsveç kronudur (1 milyon dollardan artıq).
Məhəmmədi illərlə İran qadınlarına qarşı məcburi hicab qaydasına, eləcə də ölkədə qadın hüquq və azadlıqlarına digər məhdudiyyətlərə etiraz edib.
İran rejimi xalqın tələblərinə necə cavab verib
Boş stulun yanında dayanmış övladları onun çıxışını oxuyublar. "Bu mesajı həbsxananın hündür, soyuq divarları arxasından yazıram", - Məhəmmədi yazır.
"Mən hazırda despotik dini hökumətin zülmü altında olan, sivilizasiyaya məğrur və şərəfli töhfəsini verən bir iranlı qadınam", - o vurğulayıb.
Məhəmmədi çıxışında qeyd edib ki, "İslam respublikası rejimi hazırda xalq arasında legitimliyinin ən aşağı səviyyəsindədir, bu hökumət xalqın tələblərinə zülm, edam, qətl və həbslə cavab verib".
Məhəmmədi dekabrın 9-da Instagram səhifəsində üçgünlük aclıq aksiyasına başladığını elan edib.
Daha öncə insan haqları qrupları Evin həbsxanasında saxlanan qadının səhhətindən narahatlıq bildiriblər.