Netanyahu: 'İsrail döyüşləri müvəqqəti dayandıra bilər, müharibəni yox...'

İsrailin baş naziri Benyamin Netahyahu

İsrail girovların azad edilməsi üçün Qəzza zolağındakı döyüşləri 42 gün müddətinə dayandıra bilər.

Bunu İsrailin baş naziri Benyamin Netahyahu deyib.

Eyni zamanda, baş nazirin sözlərinə görə ABŞ-da və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınan HƏMAS-a qarşı əməliyyat davam etdiriləcək.

Israel Hayom qəzetinin yazdığına görə baş nazir parlamentin xarici işlər və müdafiə komitəsinin qapalı iclasında deyib:

"İsrail girovların qaytarılması üçün döyüş əməliyyatlarını 42 gün müddətinə dayandıra bilər. Amma biz müharibəni dayandıra bilmərik. İranlılar və bütün düşmənlərimiz bizə baxıb ümid edirlər: görəsən, təslim olarıqmı? Çox sayda yalan xəbərlər yayılır”.

Buna da bax: Qazaxıstan 'Taliban'ı terrorçular siyahısından çıxarıb

“Bayden bütün detalları açmayıb”

The Times of Israel qəzeti dəqiqləşdirir ki, Netanyahu bunları Yaxın Şərqdə münaqişənin tənzimlənməsi planını şərh edərkən deyib. Bu planı ABŞ prezidenti Co Bayden təklif etmişdi.

Bu təşəbbüs atəşin 6 həftə müddətində dayandırılmasını, bütün girovların azad olunmasını, İsrail qoşunlarının Qəzzadan tam çıxarılmasını, bütün fələstinlilərin Qəzza zolağına qayıtmasını və buranın bərpasını nəzərdə tutur.

Netanyahu qeyd edib ki, ABŞ prezidenti tərəfindən təqdim olunan təklif tam deyil:

“Müharibə girovların qaytarılması üçün dayandırılacaq, sonra isə biz müzakirə aparacağıq. ABŞ prezidentinin ictimailəşdirmədiyi başqa detallar da var”.

Bundan əvvəl HƏMAS qruplaşması Baydenin planını bəyəndiyini bildirmişdi.

Amma İsrail hökumətinin iki ifrat sağçı üzvü – maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bəyan ediblər ki, Netanyahu Baydenin təklifini qəbul etaə, onlar koalisiya hökumətindən çıxacaqlar.

Buna da bax: Əhmədinejad yenidən İran prezidenti olmaq istəyir

Xatırlatma

İsrail oktyabrın 7-də HƏMAS-ın ölkənin cənubuna hücumundan sonra Qəzza zolağında hərbi əməliyyatlar aparır. Hücum zamanı min 200-dən çox israillinin öldürüldüyü, 250-dən çoxunun girov götürülərək Qəzzaya aparıldığı bildirilir.

HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi hərbi əməliyyatların başlanmasından bəri 35 min fələstinlinin həlak olduğunu açıqlayıb.

Bir çox ölkələr İsraili mülki şəxslərə qarşı hədsiz qəddarlıqda ittiham edir. İsrail ordusu yalnız qruplaşmanın infrastrukturuna zərbələr endirdiyini, HƏMAS-ın mülki insanlardan canlı qalxan kimi istifadə edərək obyektlərini əhalinin sıx məskunlaşdığı ərazilərdə yerləşdirdiyini vurğulayır.